Bakıda metronun “Koroğlu” stansiyasının qarşısındakı avtobus dayanacağının ləğv edilməsi təklif olunur

17:50 - 27.12.2017


27 dekabr, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi metronun “Koroğlu” stansiyasının şəhər mərkəzindən Hava limanı istiqamətindəki çıxışının qarşısında nəqliyyatın xaotik hərəkətinin və tıxacın aradan qaldırılması ilə bağlı təkliflər hazırlayıb.

BNA-nin məlumatında deyilir ki, Agentliyin mütəxəssisləri ərazidə yaranmış vəziyyət üzrə təhlillər aparıb.

“Mütəxəssislər müəyyən ediblər ki, “Koroğlu” stansiyası  yaxınlığında avtobus dayanacaq məntəqəsinin mövcudluğu, orada şəxsi və taksi minik avtomobillərinin dayanaraq sərnişin mindirib-düşürməsi Heydər Əliyev prospektində, Mikayıl Əliyev küçəsində və Ziya Bünyadov prospektində nəqliyyatın hərəkətində sıxlıq yaranmasına səbəb olur. Mütəxəssislər  metronun “Koroğlu” stansiyasının çıxışının qarşısındakı  avtobus dayanacağının ləğv edilməsini məqsədəuyğun hesab edirlər”, - məlumatda belə deyilir.

Həmçinin bildirilir ki, irəli sürülən təklif gerçəkləşərsə, o zaman həmin  dayanacaqdan istifadə edən bütün sərnişinlər “Koroğlu” NMM-də öz marşutlarının xidmətlərindən yararlana bilərlər. Təkliflər, təsdiq edilməsi üçün Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına  təqdim edilib.

 

 

Other news