Güzəştlər yalnız şəffaf fəaliyyət göstərənlərə olunacaq – Nazirdən maraqlı açıqlama

12:08 - 18.02.2020


18 fevral, Fineko/abc.az. Azərbaycanda zərgərlik sahəsində fəaliyyət göstərən iştirakçıların fəaliyyətlərinin qanuni əsaslarla həyata keçirilməsi təmin edilməlidir.

ABC.AZ xəbər verir ki, bunu "Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: Problemlər və imkanlar" mövzusunda Bakıda keçirilən sahibkarlara görüşdə çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, dövlət bazar iştirakçılarına sözügedən keçidi həyata keçirməklə dəstək olmağa hazırdır. M.Cabbarovun sözlərinə görə, təəssüf ki, sektorda şəffaflığın təmin edilməsi bu gün bir məsələ olaraq qalır: “Zahiri parıltının altında çox da xoş olmayan mənzərə mövcuddur. Azərbaycanda zərgərlik bazarının real vəziyyəti qiymətli metallar, qiymətli daşlar istehsalı, emalı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, həmçinin müvafiq idxal-ixrac əməliyyatları ilə bağlı durum bu sahədə bir sıra tədbirlərin görülməsini zəruri edir. Bu tədbirlərin bəziləri, hesab edirəm ki, təxirəsalınmazdır. Statistika ilə real göstəricilər arasında ciddi fərqlər mövcuddur. Bir çox hallarda kölgə iqtisadiyyatının bu sahədə maksimum azaldılmasına nail olmalıyıq və yadda saxlamalıyıq ki, güzəştlər o şəxslərə verilir və veriləcək ki, onlar şəffaf fəaliyyət göstərəcəklər".

Müəllif: Elmir Murad

 

Other news