Bank Standard-ın hazırda ümumi 1 milyard 200 milyon manat borcu var – Əkrəm Həsənov

14:05 - 18.02.2020


18 fevral, Fineko/abc.az. Ləğv edilmiş “Bank Standard”-ın indiyə qədər vətəndaşlara 150 milyon manatdan çox, şirkətlərə 500 milyon manata yaxın borcu qalıb.

Bunu ABC.AZ-a açıqlamasında bank sektoru üzrə ekspert Əkrəm Həsənov deyib.

Onun sözlərinə görə, sadalananlarla yanaşı “Bank Standard”-ın dövlət orqanlarına da borcu qalıb.

Ekspert qeyd edib ki, hazırda adıçəkilən Bankın cəmi borcu 1 milyard 200 milyon manatdır. Ötən ilin payızında Əmanətlərin Sığortalanması Fondu Bakı Apelyasiya Məhkəməsinə müraciət edərək 10 min dollar, yaxud 17 min manatadək olan əmanətlərin öz hesabına qaytarılmasını xahiş etdiyini xatırladan Ə.Həsənov hesab edir ki, belə yanaşma ədalətsizdir: “Kiminsə əmanəti 17 min 1 qəpik və ya 10 min dollar 1 sent idisə onun pulunu vermədilər. Misal üçün mən birini tanyram onun Bankda 10 min 200 dolları qalmışdı o adama pulu qaytarmadılar ki, səndə pul çoxdu. Bunu ona görə etdilər ki, xırda əmanətçilər sakitcə çıxıb getsinlər və biraz yüngüllük olsun. Digər iri əmanətçilərdə də müəyyən ümidlər gözləntilər olsun və aktivlik etməsinlər. Pullar yalnız Əmanətlərin Sığortalanması Fondunun “Bank Standard”-ın aktivlərini pula çevirməklə, yəni Banka məxsus daşınan və daşınmaz əmlakını hərracda satmaqla qaytarıla bilər. Amma Fond bunu etmir və indiyə kimi “Bank Standard”-ın 1 dənə daşınmaz əmlakını satmayıb . Əksinə həmin əmlakın qorunmasına ayda 10 min manatdan çox pul xərcləyir”.

Müəllif: Elmir Murad

 

Other news