Türkiyədə tibb sahəsi üzrə təhsil alanlar regionlarda işləyəcək – Bu istiqamətdə işlər aparılır

15:37 - 20.02.2020


20 fevral, Fineko/abc.az. Bəzi regionların dövlət xəstəxanalarında tibbi fakültələrin açılması üçün hökumətə təkliflər hazırlayırıq.

ABC.AZ xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev keçirdiyi mətbuat konfransında deyib.

Agentlik sədri qeyd edib ki, hazırda sözügedən məsələ ilə bağlı təhlillər aparılır: "Hazırda Səhiyyə Nazirliyi ilə rezidenturanı bitirib bölgələrə təyinat alan həkimlərin regionlarda ən azı 3 il çalışması məsələsi ilə bağlı danışıqlar aparılır. Həkimləri regionlara ezam etmək niyyətindəyik. Bununla regionlarda olan həkim çatışmazlığını qısa müddətdə aradan qaldırmaq istəyirik. Türkiyədə oxuyan tələbələrlə də əlaqə saxlanılıb. Onların regionlarda fəaliyyət göstərməsi istiqamətində danışıqlar aparılıb. Bu gün xarici ölkələrdə təhsil alan yüzlərlə tələbə var ki, onların təcrübəsindən yararlanmaq olar. Hər il Türkiyədə tibb sahəsi üzrə təhsil alan bir çox tələbə məzun olur. Onlar məzun olduqdan sonra öz karyeralarını qurmağa çalışırlar. Təəssüf ki, bu gün regionlarda həkim  çatışmazlığı ilə bağlı müəyyən çətinliklər var. Amma yaxın gələcəkdə Agentlik adından onlara regionların mərkəzi xəstəxanalarında çalışmaları üçün həvəsləndirici, motivasiyaedici təkliflər irəli sürmək istəyirik. Artıq bir qrup tələbə ilə danışıqlar aparılıb”.

Müəllif: Elmir Murad

 

Other news