Əli Əsədov koronavirusla bağlı tapşırıq verdi – İran sərhəddində keçid prosedurlarının sürəti azalıb

16:54 - 24.02.2020


24 fevral, Fineko/abc.az. Nazirlər Kabineti koronavirus epidemiyası ilə bağlı məlumat yayıb.

Nazirlər Kabinetindən ABC.AZ-a daxil olan məlumatda deyilir ki, 2020-ci il yanvarın 28-də Çində yayılmış koronavirusun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə Baş Nazirinin sədrliyi ilə hökumət komissiyası yaradılmış, yanvarın 30-da epidemiyaya qarşı Fəaliyyət Planı təsdiqlənib.

Epidemiyanın təhlükəli miqyas almağa başladığı ilk gündən Azərbaycanın bütün sərhəd-keçid məntəqələrində, o cümlədən hava limanlarında profilaktik tədbirlər görülür.

Son günlər İranda koronavirusa yoluxma hallarının artmasına və bəzi hallarda ölümlə nəticələnməsinə dair rəsmi məlumatların yayılmasından sonra Azərbaycan-İran sərhəd-keçid məntəqələri xüsusi rejimdə fəaliyyətə keçib.

Fevralın 22-dən başlayaraq sərhəd-keçid məntəqələrində sanitar-dezinfeksiya işləri aparılır. Bu səbəbdən, keçid prosedurlarının sürəti azalıb. Azərbaycan ərazisindən tranzit yüklərin daşınması üzərində də nəzarət gücləndirilib. Yüklərin ölkəyə girişi və çıxışında əlavə sanitar-dezinfeksiya tədbirlərinin görülməsi davam etdirilir.

Müəllif: Elmir Murad

 

Other news