Azər Türk Bankın likvidlik əmsalı 133 faiz səviyyəsindədir

17:49 - 29.12.2017


Bu gün bəzi xəbər saytlarında bir neçə maliyyə- kredit qurumunun, o cümlədən   dövlət bankı Azər Türk Bankın aktivlərinin kəskin azalması ilə əlaqədar həqiqətə uyğun olmayan yazılar verilmişdir.

Azər Türk Bank bununla əlaqədar bildirir ki, bankın aktivlərinin həcmi yazıda göstərildiyi kimi 63 faiz deyil, bu ilin əvvəlindən etibarən 37 faiz azalmışdır. Bunun da obyektiv səbəbləri vardır. Belə ki, 2015- ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankının “Bank Standart”ın sağlamlaşdırılması üçün yönəltdiyi   yüksək məbləğdə vəsait Azər Türk Bank tərəfindən Mərkəzi Banka  qaytarılmışdır. Bundan əlavə, bəzi kreditləşmə əməliyyatlarının maliyyələşdirilməsi üçün cəlb edilmiş, lakin hazırki bazar şərtlərinə uyğun olmayan, yüksək faizli depozitlərin müştərilərə ödənilməsi, sözsüz ki, aktivlərin bir qədər də azalmasını şərtləndirmişdir.

Bankın kapital mövqeyi Maliyyə Bazarlarına Nəzarət Palatasının müəyyən etdiyi səviyyədən yüksəkdir. Qeyd edək ki, prudensial göstəricilər üzrə bu il Azər Türk Bank əsaslı artıma nail olmuş və hazırda bankın likvidlik əmsalı 133 faiz səviyyəsindədir. Xatırladaq ki, bu göstərici üzrə norma 30 faiz səviyyəsində müəyyən edilmişdir .

Həmçinin 2016- cı ili yüksək mənfəətlə başa vurmaqla Bank, səhmlər üzrə dividend ödənişini həyata keçirmiş, ümumi bazar risklərini nəzərə alaraq riskli aktivlər üzrə  ehtiyatlar yaradılmasına nail olmuşdur.

1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

 

 

Other news