Azər Əliyev: Ötən il çox passiv işlədik- Müsahibə

16:03 - 30.03.2020


30 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Azərbaycan Sığortaçılar Assosasiyasının (ASA) sədri Azər Əliyev sığorta sektorundakı vəziyyət və digər məsələlər barədə ABC.AZ-a müsahibə verib. Həmin müsahibənin ikinci hissəsini təqdim edirik.

- Azər bəy bildiyimiz kimi insanları ən çox narahat edən daşınmaz əmlakın icbari sığortasıdır. Bir çox şirkətlər mənzillərə gedir orada daşınmaz əmlaklarını sığortalanmayanların cərimələnəcəkləri barədə bukletlər paylayırdılar. Bu isə insanlarda sanki bir ajiotaj yaradırdı. Sığorta şirkətlərinin belə addımını necə qiymətləndirirsiz?

- Bukletlərin şirkətlər tərəfindən vətəndaşlara paylanması sırf maarifləndirmə məqsədilə həyata keçirildiyini düşünürəm. Həmin bukletlərdə icbari əmlak sığortasının vacibliyi və qanundan irəli gələn müddəalar öz əksini tapır. Bu kimi fəaliyyətlərin sığorta şirkətləri tərəfindən həyata keçirilməsinin normal olduğunu düşünürəm. Bukletlərdə göstərilən cərimə məsələsidə məhz qanunun tələbinə uyğun olaraq qeyd edilir. Maarifləndirmənin məqsədi sığortanın faydaları haqqında və eləcədə qanunun tələbləri haqqında insanları məlumatlandırmaqdır. Təəsüfləndirici hal ondan ibarətdir ki, bəzi sığorta vasitəçiləri insanları maarifləndirmə ilə yox məhz qanundan irəli gələn cərimələrin qabardılması yolu ilə sığortaya sövq edirlər. Qeyd etdiyim kimi əsas istiqamət insanların maarifləndirilməsinə və məlumatlandırılmasına yönədilməlidir.

Bu haqda mütəmadi olaraq sığorta şirkətləri ilə danışıqlar aparılır və görüşlər keçirilir. Sığorta şirkətlərinində əsas məqsədi insanları maarifləndirmək və onlarda sığorta mədəniyyətinin dərinləşməsini təmin etməkdir. Bəzən məlumatın yanlış istiqamətdə ötrülməsi insanlarda ajiotaj yarada bilər.

- Daşınmaz əmlakın icbari sığortasını daha işlək etmək üçün maarifləndirmədən başqa nə işlər görmək lazımdır?

- Düşünürəm ki, maarifləndirmə mütləq olmalıdır və biz eyni qaydada davam etməliyik. İnsanlarda sığortaya olan inamın yaradılması və artırılması bir ayda və ya 1 ildə həll ediləcək bir problem deyildir. Biz bu məsələnin üzərində mütəmadi olaraq işləməliyik.

Digər tərəfdən insanlarda sığortaya olan inamın artırlması vacibdir və bizdə sığorta şirkətləri ilə birgə bu istiqamətdə müxtəlif tədbirlər həyata keçiririk. Bununla bağlı həm Bakıda, həm də regionlarda keçirilən tədbirlərdə insanlara sığortanın faydası, onun qarşıladığı risklər barəsində məlumat verilir. Bu cür tədbirlərin cari ildədə keçirilməsi və sayının artırılması planlaşdırılır.

Cari dövr üçün Avtonəqliyyat vasitəsi sahiblərinin mülkü məsuliyyətinin icbari sığortası növü üzrə sığorta şirkətləri tərəfindən ortalama olaraq 100 milyon manat premiya toplanmışdır. İl ərzində sığorta şirkətləri tərəfindən 75 milyon manata yaxın sığorta ödənişi həyata keçirilmişdir. Yəni toplanılan 100 milyon manat məbləğin 75 milyonu sığorta ödənişi olaraq ödənilmişdir. Bildiyimiz kimi qanuna əsasən 15 faiz komission haqqı kimi ödənilir. Yerdə qalan məbləğin 15 milyon manatı məhz buna xərclənir. Müəyyən edilmiş qaydalara əsasən sığorta şirkətləri tərəfindən 5 faiz İcbari Sığorta Bürosuna (İSB), 0.5 faiz isə nəzarət orqanı olan Mərkəzi Banka ödənilir. Digər tərəfdən bildiyimiz kimi sığorta şirkətləri biznes fəaliyyəti həyata keçirən hüquqi şəxslərdir. Bununla əlaqədar olaraq icarə haqqı, işçilərin maaşı, kommunikasiya, komunal xərclər, reklam üçün çəkilən xərclər və s. ödənilir. Burdan gələcəyimiz nəticəyə görə şirkətlər artıq 15 mln manat zərərdədir. Belə bir vəziyyətdə konkret demək olar ki, avtomobillərin məsuliyyəti sığortası növü üzrə məhsul satan sığorta şirkətləri zərərlə işləyir. Toplanılan premiyalar və sığorta ödənişləri mütəmadi olaraq hesabatlarda göstərilir. Lakin verilən hesabatlarda sığorta şırkətlərinin hansı məhsullar üzrə zərərlə, hansı məhsullar üzrə mənfəətlə işlədiyi barədə ayrıca məlumat verilmir.

Artıq 2 ilə yaxın bir müddətdir ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülkü məsuliyyətinin icbari sığortası növü üzrə bütün şirkətlər zərərlə işləyir. Sırf avtobusların icbari sığortası üzrə zərərlər 400-500 faizə qədər çoxalıb. Avtobuslarda icbari sığorta haqqı maksimum 250 manat olduğu halda sığorta şirkətləri hər bir hadisəyə görə 1000 manatdan çox ödənişlər edirlər.

- “AtaSığorta” ilə bağlı insanlarda bir narahatlıq var. Son zamanlar demək olar ki, xeyli işçilər oranı tərk edib başqa şirkətlərə gedirlər. Sizcə bu onu deməyə əsas verirmi ki, şirkətin maliyyə durumu ürəkaçan deyil?

- Biz bunu analiz etsək görərərik ki, həmin şirkətdən digər şirkətlərə gedən mütəxəssislər yenə də avtomobillərin məsuliyyəti sığortası ilə məşğul olurlar. “AtaSığorta” şirkətinin çətinlik çəkdiyini düşünmürəm. Əgər şirkətin portfelinə nəzər salsaq görərik ki, digər şirkətlər kimi onlarda da avtomobillərin məsuliyyəti sığortası növü üzrə bəzi problemlər mövcuddur. Daha öncədə qeyd etdiyim kimi bu bütün şirkətlərin ortaq problemidir. Amma bu o demək deyil ki, bir şirkətin əməkdaşları digər şirkətlərdə fəaliyyət göstərirsə həmin şirkətin maliyyə vəziyyəti pisdir. Bu sadəcə neqativ PR-dır. AtaSığorta -da çox güclü və təcrübəli rəhbərlik mövcuddur.

- “Bank Standard” bağlanandan indiyə kimi uzun müddətdir ki, “Standard İnsurance”-da  çətinliklər üzə çıxmağa başlayıb. Bu onlarla bağlı həddindən çox şikayətin olmasından da hiss olunur. Və bu şirkətdə problemlərin olduğunu aydın göstərir. Ola bilərmi ki, “Standard İnsurance”-da bağlansın və ya faəliyyəti dondurulsun?

- Möcvud məlumatlara əsasən son zamanlarda təsisçilərin siyasətlərində dəyişikliklər həyata keçirildi və ilin sonunda əlavə sərmaya qoyuldu. Həmçinin rəhbərlikdədə dəyişikliklər oldu və yeni strategiyalar işlənib hazırlandı. Düşünürəm ki, bu ildən başlayaraq “Standard İnsurance”-ın fəaliyyətində irəliləyişlər müşahidə edəcəyik.

- Azər bəy bu il sığorta ilə bağlı hər hansı qanuna dəyişiklik və ya təklif nəzərdə tutulurmu?

- Biz Azərbaycan Sığortaçılar Assosasiyası olaraq mütəmadi olaraq nəzarət orqanına sığorta şirkətləri ilə birgə hazırladığımız təklifləri irəli sürürük. İlk növbədə diqqət icbari sığorta haqqında qanuna yönəldilməlidir. Xüsusilədə əksər müştərinin narazılığına səbəb olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı qanunda xeyli dəyişikliklərə ehtiyac vardır.

Təkliflərin hamısı ilin əvvəlində nəzarət orqanı olan Mərkəzi Banka verilib. Bizdə gözləmə mərhələsindəyik. Düşünürəm ki, dəyişiklikləri həyata keçirmək və bunların hamısı qaydaya salmaq üçün müəyyəm bir müddət lazım olacaq. Hesab edirəm ki, ilin sonunadək bir çox şey qaydaya salınacaq.

- Detalları açsaq nələr olacaq, hansı dəyişikliklər gözlənilir?

- Konkret bir söz demək üçün hələ çox tez olduğunu düşünürəm. Lakin ilk növbədə sığorta təminatlarının artırılması məsələsinin həll edilməsini istəyirik. Çünki bu gün olan təminatlar artıq hazırki iqtisadi vəziyyətə cavab vermir. Bildiyiniz kimi avtonəqliyyat vasitəsi sahiblərinin mülkü məsuliyyətinin icbari sığortası üzrə maksimal olaraq 5000 manat ödəniş edilir. Həmin məbləğ isə hadisə zamanı baş verən zərərin əvəzini tam şəkildə ödəyə bilmir. Bu isə bəzi narazıçılıqların yaranmasına səbəb olur. Ona görə də təkliflərdən biri 5000 manat təminatının artırılması ilə bağlıdır.

Həmçinin bonus-malus sistemi üçündə hesablama metodikasının üzərində müəyyən dəyişikliklərin həyata keçirilməsinə ehtiyac vardır. Bununla bağlı olaraq aktuarilər tərəfindən təkliflər hazırlanıb.

2011-ci ildə icbari sığorta üzrə qanun qüvvəyə minəndə bizdə dəqiq statistika mövcud deyildi və əmsalları müəyyən olunan zaman biz sadəcə dünya təcrübəsindən istifadə etdik və ondan yararlandıq. Artıq bizdə 10 illik statistika mövcuddur. Sığorta iqtisadiyyatın elə bir sahəsidir ki, məhz statistikanın üzərində qurulur və bu sektorda aktuarlardan çox şey asılıdır. Güclü sığorta bazarının mövcudluğu məhz aktuarilərin öz hesabatlarını düzgün aparmasından birbaşa asılıdır. Nəzarət orqanı mütəmadi olaraq statistik məlumatarı bizimlə paylaşır.

- Nəyə görə məhz avtomobillərin məsuliyyəti sığortası ilə bağlı daha çox təkliflər verirsiniz?

- Həmin təkliflərin içərisində Daşınmaz əmlakın icbari sığortasıda mövcuddur.Ekspetlər qeyd edirlər ki , əmlak sığortasının üzrəində işləməyə ehtiyac vardır.Həmin məhsulda boşlulaq mövcuddur. Digər məhsullarda olduğu kimi zəif və güclü tərəfləri vardır. Bu istiqamətdədə bizim təkliflərimiz mövcuddur və artıq göndərilib. Bizim əsas məqsədimiz əmlak sığortasının elektronlaşdırılmasının həyata keçirilməsidir. Bunlar hamısı göndərilən təkliflərin içərisində öz əksini tapmışdır. Daşınmaz Əmlakın icbari sığortası növünün təyinatı mülkiyyətin sığortalanmasıdır, içərisində məsuliyyətin sığortası yoxdur. Bu baxımdan təklif olunur ki, məsuliyyətin sığortasıda əlavə edilsin.

- Elektronlaşma bütün sığorta növlərinə aid olacaq?

- İlk növbədə icbari sığorta növündəki məshsulların elektronlaşdırılmasını təklif etmişik. Çünki bunu İcbari Sığorta Bürosu (İSB) çox qısa müddətdə həyata keçirə bilər. Digər növlər isə İSB-nin fəaliyyəti sahəsinə daxil deyil.

- Azərbaycanda kasko sığortası çox azddır. Bu nə ilə əlaqədardır?

- Bu sığorta mədəniyyətinin aşağı olması ilə əlaqədardır. Çünki bu gün kasko üzrə göstərici təxmini olaraq maksimum 4 faizə yaxındır. Elə bir vaxt var idi ki, bu 5 faizə qədər qalxmışdı. Lakin bu bank vasitəsilə verilən kreditlərin mövcudluğu ilə əlaqədar idi. Qeyd etdiyim kimi göstəricilərin aşağı olmasında ən mühüm səbəb insanlar arasında sığorta mədəniyyətinin tam şəkildə formalaşmaması ilə əlaqədardır. Biz bu istiqamətdə mütəmadi olaraq işləyirik. Düzdür bu istiqamətdədə bizim tərəfimizdən müəyyən boşluqlar var. Mən sığorta şirkətləri ayrıca bu məsələnin üzərində işlədikləri ilə bağlı müşahidə aparıram. Onlar çalışırlar ki, müştəriləri inandırsınlar ki, kasko onlar üçün faydaı bir məhsuldur. Hesab edirəm ki, Azərbaycan Sığortaçılar Assosasiyasının və sığorta şirkətlərinin birgə fəaliyyəti ilə aparılan işlərdə effekt daha yaxşı olacaq. Bunun üçündə zaman lazımdır. Əminəm ki, şirkətlərin əksəriyyəti kasko məhsulunu satmaqda maraqlıdırlar və ilk növbədə şirkətlər artımı məhz bu növdə görürlər. Bu gün bizim bazarda 1 milyondan çox avtomobil var və onlardan yalnız 3 ya 4 faizinin kaskosu vardır. Bu bizim bazar üçün çox azdır.

- Azər bəy siz özünüz Azərbaycan Sığortaçılar Asossasiyasına ötən il gəlmisiniz. Bu müddət ərzindəki fəaliyyətinizi özünüz necə qiymətləndirirsiniz?

- Düşünürəm ki, bizim fəaliyyətimiz bir o qədərdə aktiv deyildi və nisbətən passiv işlədik. Bunun əsas səbəbi nə idi? Gizlətmirəm, həmişə açıq demişəm. Bu gün sığorta bazarının inkişafı ilk növbədə nəzarət orqanından asılıdır. Nəzarət orqanı bizə hansı istiqaməti göstərsə bizdə fəaliyyətimizi həmin istiqamət üzrə formalaşdırmağa çalışırıq. Reallıq məhz belədir və belədə olmalıdır. Çünki rəqəmlərə nəzər yetirdikdə 2011 və 2012 ci illərdə sığorta bazarının yenidən canlanmağa başladığını görə bilərik. Yeni qanun qəbul olundu, sığorta məhsulları satılmağa və agent şəbəkələri yaradılmağa başlanıldı. Bunun əsas səbəbi isə həmin dövrdəki nəzarət orqanının şirkətlər üçün müəyyən bir istiqamət müəyyən etməsi ilə əlaqədar idi.

Keçən il ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatası fəaliyyətinin bank sahəsi üçün hansı istiqamətdə həyata keşirməsi barəsində dəqiq məlumatım olmasada, sığorta sektoru üçün kifayət qədər məhsuldar olduğunu düşünmürəm.

Biz tərəfdən qanunda dəyişikliklər üçün bir çox təkliflər verilmişdi. Lakin çox az sayda dəyişikliklər həyata keçirilmişdir və bir çox təkliflər icra olunmamışdı.Bu səbəblədə biz Azərbaycan Sığortaçılar Assosasiyası olaraq aktiv bir fəaliyyət həyata keçirə bilməmişdik. Bu il Mərkəzi Bankın nəzarət orqanı olaraq təyin edilməsi ilə əlaqədar olaraq vəziyyət bir qədər dəyişib. 2 ay ərzində artıq 8-dən çox məhsuldar görüş keçirilib. Biz sığorta bazarı ilə bağlı olan fikirlərimizi mütəmadi olaraq onlarla bölüşürük. Biz bu zaman ərzində Mərkəzi Bankın əsas fəaliyyətinin bazarın inkişafı istiqamətində olduğunu müşahidə edə bilərik. Bu yaxınlarda strategiya müəyyənləşdirilib. Tədbirlər planı hazırlanıb.  Bu səbəblədə düşünürəm ki, bizim bu ilki fəaliyyətimiz çox aktiv olacaq.

Müəllif: Elmir Murad

Other news