2018-ci ildə heyvanlar arasinda müalicə-profilaktik və epizootik tədbirlərin aparılmasına başlanılmışdır

15:39 - 9.01.2018


2018-ci ildə heyvanlar arasinda müalicə-profilaktik və epizootik tədbirlərin aparılmasına başlanılmışdır

Azərbaycan Respublikasında heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan profilaktik tədbirlərin səmərəliliyini və effektivliyini təmin etmək məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Epizootik tədbirlər planı”na uyğun olaraq 2018-ci ilin müalicə-profilaktik və epizootik tədbirlərin aparılmasına start verilmişdir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) bildirir ki, bu günlərdə ölkə ərazisində iribuynuzlu, donuz və təkdırnaqlı heyvanlar arasında qarayara xəstəliyinə, ev itləri arasında quduzluq xəstəliyinə, quşlar arasında nyukasl xəstəliyinə qarşı peyvəndləmə, iribuynuzlu heyvanlar arasında bruselyoza görə serioliji müayinələrin aparılmasına başlanılmışdır.

Bununla əlaqədar Dövlət Baytarlıq Nəzarəti Xidmətinin və Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyasının baytarlıq mütəxəssisləri əməli köməklik və tövsiyə məqsədi ilə rayonlara ezam olunmuşlar. 

Ölkədə epizootik tədbirlərin aparılması və “soyuq zəncir” rejiminə riayət olunması üçün rayon(şəhər) baytarlıq idarələri lazımi ləvazimat və avadanlıqlarla təmin edilmişlər.

Hər il olduğu kimi, cari ildə də dövlət vəsaiti hesabına alınmış biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon (şəhər) baytarlıq idarələrinin əməkdaşları tərəfindən "Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı"na uyğun olaraq əhalinin mal-qarasına ödənişsiz əsaslarla (pulsuz) pulsuz tətbiq edilir.

Alınmış baytarlıq preparatlarının istifadəsində şəffaflığı təmin etmək məqsədilə ölkəmizdə 2017-ci ildə olduğu kimi, 2018-ci ildə də heyvanlar və quşlar arasında "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun olaraq, istifadə edilən biopreparatların, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatlarının üzərinə qırmızı hərflərlə “SATILA BİLMƏZ” sözləri yazılmışdır.

Alınmış baytarlıq preparatlarının istifadəsinin tənzimlənməsi, şəffaflığın təmin edilməsi və nəzarətin gücləndirilməsi məqsədi ilə rayon (şəhər) baytarlıq idarələrinə müvafiq tapşırıqlar verilib. Həmin baytarlıq preparatlarının sahə baytarlıq məntəqələrinin bölgüsünə, onların yerlərdə tətbiqinə rayon (şəhər) baytarlıq idarələri tərəfindən ciddi nəzarət edilməsi, baytarlıq preparatlarının işlədilməsi zamanı epizootik və ambulatoriya kitablarında qeydiyyatının aparılaraq istifadə edilməsi tapşırılmışdır.

Baytarlıq idarələrinə göndərilən müvafiq tapşırıqda, eləcə də Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları yerlərdə ezamiyyətdə olan zaman və ya vətəndaşlar tərəfindən  hər hansı rayon (şəhər) ərazisindəki özəl baytarlıq aptekində, fiziki və hüquqi şəxslərdə üzərində “SATILA BİLMƏZ” sözləri yazılmış baytarlıq preparatları aşkarlanarsa bu işdə məsuliyyəti olan şəxslər haqqında ciddi inzibati tədbirlərin görüləcəyi bildirilmişdir.

Vətəndaşlar, kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatları nümayəndələrinin və s. konkret belə hallarla bağlı məlumatlı olarlarsa və ya belə hallarla qarşılaşarlarsa Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə və DBNX-nin “Qaynar xətti”nə (tel:012-562-76-13) məlumat vermələri xahiş olunur.

Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, heyvanlarda özbaşına müalicə, peyvəndləmə və digər tədbirlər aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Həmçinin, tövsiyə olunur ki, heyvanların müalicə-profilaktik və epizootik tədbirlərdən kənar qalmaması üçün sahə baytarlıq məntəqələri və baytarlıq idarələrinə müraciət etsinlər, bütün tədbirlər baytar həkiminin iştirakı və nəzarəti altında həyata keçirilsin.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Nəzarəti Xidməti lazımi təşkilatı tədbirləri davam etdirir.

 

Other news