Yevqeniya Qaşikulina: “Dayanıqlı biznes model və etibarlı səhmdarlar dəyişiklik anında ən etibarlı müdafiədir” - MÜSAHİBƏ

13:00 - 15.05.2020


15 may, Fineko/abc.az.  Dünya iqtisadiyyatında və maliyyə sahəsində başlamış enişə baxmayaraq, “AccessBank” ilin birinci rübünü mənfəətlə başa vurub. Bankın rəhbərliyi inanır ki, “AccessBank” bazarda iqtisadi fəallığın azalması səbəbindən yaranmış situasiyanın da öhdəsindən uğurla gələcək və biznes modelinin dayanılıqlığını bir daha sübut edəcək. Bu barədə, eləcə də koronavirus pandemiyasının banka və bütünlüklə maliyyə sisteminə təsiri haqqında “AccessBank”ın İdarə Heyəti Sədrinin Birinci Müavini Yevqeniya Qaşikulina ətraflı danışıb. 

Xanım Qaşikulina, birinci rübün nəticələrini necə qiymətləndirirsiniz? Bu nəticələr bank rəhbərliyini qane edirmi?

Ümumi təsəvvür yaratmaq üçün əvvəlcə ötən ilin nəticələrini qeyd etmək istərdim. 2019-cu il bank üçün son dərəcə fəal il olub. Aparılmış kapitallaşdırma nəticəsində banka yeni xarici səhmdarlar cəlb olunub. Bankın səhmdarları hər zaman xarici şirkətlər olub. Bu dəfə səhmdarlar sırasına Beynəlxalq Maliyyə Korporasiyasından başqa, həm də Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı kimi nəhənglər də qoşulub. Bundan əlavə, “AccessBank” öz əmanət bazasını da fəal şəkildə artırıb. Ümumilikdə bank sahəsi üzrə əmanətlərin artımının çox az olduğu bir vaxtda, bizim bankımızın əmanət bazası 160 milyon manatdan çox artıb və biz bu göstəriciyə görə bazarda lider mövqelərdən birini tutmuşuq.

Bankımız öz əsas seqmenti olan mikromaliyyələşdirmə sahəsində də inkişaf edib – biznes-plana qoyduğumuz göstəricilərdən qat-qat böyük artıma nail olmuşuq. Bundan əlavə, ötən ilin son rübü artıq bank üçün mənfəətli olub və bu, itkilərlə başa vurduğumuz əvvəlki iki ildən sonra əhəmiyyətli addım olub.

Bütün bunları nəzərə alaraq biz 2020-ci ilə çox nikbin baxırıq. Biz bu ilə planlaşdırdığımızdan daha fəal başladıq. Birinci rübdə 2,5 milyon manat həcmində mənfəət əldə etdik - bu, plan göstəricilərini üstələyirdi. Biz biznes nöqteyi-nəzərindən bunun qeyri-mövsümi aylar olduğunu bilirdik və kreditləşmənin fəallığının müəyyən dərəcədə azalacağını gözləyirdik. Amma biz rübü mənfəətlə başa vura bildik. İlin ilk iki ayında mikrokredit portfelinin artımı 14 milyon manat təşkil etdi. Mart ayının əvvəlində bütün planları artıqlaması ilə yerinə yetirəcəyimizdən əmin idik. Amma koronavirus pandemiyası öz işini gördü. Birinci rübün ilk iki ayı kreditləşmə nöqteyi-nəzərindən fəal idi, amma mart ayının ortalarından etibarən kreditləşmə zəifləməyə başladı. Buna görə də biz, əlbəttə ki, planlaşdırdığımız kredit portfeli həcminə nail ola bilmədik. Amma bununla belə, rüb üzrə ümumi artım qənaətbəxşdir.  

 

Bəs əmanət portfeli ilə vəziyyət necədir?

“AccessBank”da kreditlərin 98%-i manatla verildiyindən əmanət bazamızı da analoji şəkildə seçmişik. İlin əvvəlində bank sistemində dollarlaşma 50%-dən artıq olduğu halda, bizdə bu rəqəm cəmi 30% təşkil edirdi. Mart ayında neftin qiymətinin aşağı düşməsi səbəbindən əhali arasında yaranan ajiotaj bütün banklarda konvertasiyaya təsir etdi. Bütövlüklə bank sistemi böyük zərərlə üzləşdi. Əmanət strukturumuzda manat üstünlük təşkil etdiyindən, konvertasiyaya tələb artdı. Bank mart ayı ərzində yatırımlardan 40 milyon manatı dollara konvertasiya etdi. Aprel ayında vəziyyət bir qədər stabilləşdi və  əhali nisbətən sakitləşdi. Əlbəttə, dövlətin siyasəti burada müəyyən rol oynadı. Buna görə də biz may və iyun aylarında əmanətlərin artacağını gözləyirik.

Qeyd etmək lazımdır ki, yaranmış vəziyyət banka narahatlıq gətirmədi, çünki biz bu vəziyyətlə üzləşərkən likvidliyimiz kifayət qədər yüksək idi. Konvertasiya həcmində məhdudiyyət isə bankın valyuta mövqeyi ilə təyin edilir. 

 

“AccessBank” kiçik bizneslərin kreditləşdirilməsi və mikrokreditlərin verilməsi sahəsində hər zaman daha fəal olub. Bəs kredit portfelinin strukturu ilə bağlı vəziyyət necədir? Hazırki vəziyyət portfelin keyfiyyətinə necə təsir göstərib?

Bankımızda kredit portfelinin strukturu, demək olar ki, dəyişməz qalır. Portfelimizin təxminən 90%-i biznes kreditlərindən ibarətdir. İndi bankın siyasəti müştərilərlə fəal əlaqələr qurmaqdan ibarətdir. Biz müştərilərimizin yanında olmağa çalışır və portfelimizi fəal şəkildə restrukturizasiya edirik. “AccessBank” öz mövqeyini açıq şəkildə bildirən ilk banklardan biri oldu – kreditlərin restrukturizasiyası prosesinə hələ mart ayında başladıq. Mart ayının ortalarında müştərilərimizə bütün mümkün restrukturizasiya variantlarını təklif etdik və bunun  müəyyən məbləğədək hissəsini Əlaqə Mərkəzimiz vasitəsi ilə icra etdik. Təkcə aprel ayı ərzində təxminən 6 000 nəfər müştərinin ümumilikdə 55 milyon manat məbləğində kreditini restrukturizasiya etmişik. Düşünürəm ki, bu proses may və iyun aylarında da davam edəcək, amma sürət aşağı düşəcək, çünki karantin rejimi tədricən yumşaldılır.

 

Ümumilikdə, düşünürük ki, mikrokredit portfelimizin təxminən 20%-ni restrukturizasiya edəcəyik. Kiçik və orta biznes portfelində isə bu göstərici daha yüksək – təxminən 50% olacaq, çünki burada müştərilərin məbləğləri əksər hallarda yüksək olur və onlara hazırlaşmaq, biznesə yeni təkan vermək üçün vaxt lazım olacaq. İstehlak kreditləri üzrə restrukturizasiya payı çox azdır və bunu ölkədə fəal ixtisarların olmaması ilə izah etmək olar. 

Biz restrukturizasiyada fəalıq və bu məsələdə özümüz üçün çətinlik görmürük, çünki bu proses likvidliyə heç bir təzyiq göstərmir. Hazırda kreditlər üzrə aylıq geriödəmələr kreditləşməni üstələyir.

Müştərilərin dirçəlişi və işlərinə davam etməsi bizim üçün çox vacibdir. Onların bir çoxları ilə uzun illərdir tərəfdaşlıq edirik, bundan da çətin günlərin öhdəsindən gəlmişik. Səhmdarlarımızın sayəsində  hər zaman müştərilərimizə dəstək ola bilirik. Bizim çox güclü səhmdarlarımız var. Onların əksəriyyətinin dünya iqtisadiyyatına ayrıca dəstək proqramları var. 

 

Pandemiya və karantin rejimi səbəbindən bankın həyat və fəaliyyətində nə dəyişilib? 

Mən, ilk növbədə, iş rejimindən başlamaq istərdim. Mart ayında Baş Ofis əməkdaşlarının yalnız 30%-i işə çıxırdı, 70%-i isə məsafədən çalışırdı. Filiallarda isə bu əmsal təxminən 50% idi. Biz bütün sosial məsafə tədbirlərinə maksimum riayət edir, əməkdaşlarımızı və müştərilərimizi hər hansı yoluxma imkanından qorumaq üçün bütün mümkün təhlükəsizlik tədbirlərini görürdük. Bütün əməkdaşlarımızı dezinfeksiyaedici maddələrlə, maskalarla, əlcəklərlə və digər vasitələrlə təmin edirik.

Bir çoxları diqqəti mənfi nəticələrə yönəldir. Amma qeyd etmək lazımdır ki, koronavirus ölkənin bank sahəsində rəqəmli texnologiyaların inkişafına təkan verib. Çoxdan bəri müzakirə olunan bütün texnologiyalar eyni zamanda tətbiq olunmağa başladı, çünki müştərilərə məsafədən xidmət göstərmək zəruridir. Epidemiyadan əvvəl kreditlərin restrukturizasiyasını onlayn rejimdə icra edəcəyimizi düşünmürdük. 65 yaşdan yuxarı şəxslər üçün təhlükə yarandıqda isə anladıq ki, onların evdən çıxmadan xidmətlərimizdən yararlanması üçün əlimizdən gələni etməliyik. Qanunvericilik nöqteyi-nəzərindən məsafədən təqdim edə bilmədiyimiz xidmətləri kuryerlərin köməyi ilə icra edirdik. 

Təcrid rejimi əhalidə rəqəmli texnologiyaları mənimsəməyə tələbat yaratdı və bununla əlaqədar yaranan yeni vərdişlər karantin rejiminin ləğvindən sonra da bizimlə qalacaq. Ümid edirik ki, bu istiqamətdə təkcə bank sektoru yox, bütünlüklə ekosistem – qanunvericilik, dövlət xidmətlərinin bizim platformalarımızla inteqrasiyası və s. də hərəkət edəcək.

 

Hazırda bank sahəsinin qarşısında duran hansı problemləri və tələbləri qeyd edə bilərsiniz və bunların öhdəsindən gəlmək üçün nə etmək lazımdır?

Azərbaycanın bank sektorunda hələ ötən ildən bəri biznes kreditləşməsinin çatışmazlığı problemi qalıb. Bəzi banklarda bu, onların strategiyası ilə, bəzilərində isə bankın öz üzərinə götürməyə hazır olduğu risklərin həcmi ilə bağlı idi. Elə bizdə də vəziyyət belə idi – ötən il daha çox kredit vermək istəyirdik, amma bu sayda kreditləşdirə biləcəyimiz biznes görmürdük. Hazırda bu problem iqtisadi fəallığın azalması səbəbindən arta bilər. Amma hökumətin atdığı addımlar bu çətinliyin öhdəsindən gəlməyə kömək edəcək. Kreditlərin subsidiyalaşdırılması və qismən zəmanət verilməsi üzrə hökumət dəstəyi proqramı, qarşıya qoyulmuş vəzifələrin bir hissəsinin öhdəsindən gəlir, çünki bu, mahiyyət etibarı ilə risklərin bölüşdürülməsidir. İstərdik ki, bu proqamdan bütün qeyri-neft sektoru, həmçinin ticarət və xidmət sektoru da yararlana bilsin. 

Həmçinin ölkə rəhbərliyinin koronavirus pandemiyasının iqtisadiyyata mənfi təsirinin azaldılması üçün həyata keçirdiyi tədbirlər planının müsbət təsirini də qeyd etmək lazımdır. Cari vəziyyətdən ən çox zərər görən bizneslərin dəstəklənməsinə yönəlmiş proqramlar vaxtında və operativ icra edildi. 

Nəzərdən keçiriləsi digər məqam Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən əmanətlərin zəmanətə alınmasıdır. Bu gözəl alət, bir tərəfdən, bank sektoruna sabitlik gətirir, digər tərəfdən isə, düşünürəm ki, banklar arasında düzgün seçim etməkdə müştərilərə müəyyən dərəcədə mane olur. İnsanlar yalnız faiz dərəcələrinə diqqət yetirirlər. Əvvəllər bankın seçilməsi zamanı müəyyənləşdirici rol oynayan digər parametrlər – bankın effektiv iş modeli, səhmdarların strukturu, rahat xidmət və s. müştəri üçün böyük rol oynamır. 

İqtisadi fəallığın azalması iqtisadiyyatın bütün sahələrində özünü göstərdi. Bu eniş bizneslə yanaşı, həm də bank sahəsinə təsir etdi. Lakin birlikdə səy göstərərək bütün çətinliklərin öhdəsindən gəlmək olar. Əminəm ki, bütün tərəflərin – sahibkar, bankir, işgüzar assosiasiya və dövlət strukturlarının dialoq və birgə işi yaranmış situasiyanın öhdəsindən gəlməyə və ondan üzüağ çıxmağa kömək edəcək. 

 

Other news