Apreldə bahalaşan ərzaqlar - Siyahı

14:49 - 15.05.2020


15 may, Fineko/abc.az.  2020-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar-aprel aylarına nisbətən 103,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 101,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101,1 faiz təşkil edib.

 ABC.AZ Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, bu ilin aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin aprel ayına nisbətən 103,0 faiz təşkil edib. 

2020-ci ilin aprel ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7 faiz, əvvəlki ilin aprel ayına nisbətən 106,0 faiz təşkil edib. Bu ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, unun, qarabaşaq və manna yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, sterilizə olunmuş üzlü südün, qatılaşdırılmış şəkərli südün, yoqurtun, xamanın, kəsmiyin, tərkibində qursaq mayası olan bərk və yumşaq pendirin, süfrə marqarininin, limonun, portağalın, naringinin, almanın, armudun, heyvanın, narın, kivinin, şabalıdın, kələmin, balqabağın, bibərin, çuğundurun, yerkökünün, sarımsağın, kartofun, mərcinin, şəkər tozunun, qəhvənin, arağın, pivənin, ucuzlaşma isə əsasən təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, zeytun yağının, bananın, qozun, fındığın, xiyarın, pomidorun, göyərtinin, soğanın qiymətlərində müşahidə olunub. 

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.               

Other news