İnsanlar yalnız faiz dərəcələrinə baxırlar - Yevqeniya Qaşikulina

10:58 - 18.05.2020


18 may, Fineko/abc.az. Azərbaycanın bank sektorunda hələ ötən ildən bəri biznes kreditləşməsinin çatışmazlığı problemi qalıb.

Bəzi banklarda bu, onların strategiyası ilə, bəzilərində isə bankın öz üzərinə götürməyə hazır olduğu risklərin həcmi ilə bağlı idi.

Elə bizdə də vəziyyət belə idi – ötən il daha çox kredit vermək istəyirdik, amma bu sayda kreditləşdirə biləcəyimiz biznes görmürdük.

ABC.AZ xəbər verir ki, bunu “AccessBank”ın İdarə Heyəti Sədrinin Birinci Müavini Yevqeniya Qaşikulina deyib.

O qeyd edib ki, hazırda bu problem iqtisadi fəallığın azalması səbəbindən arta bilər. "Amma hökumətin atdığı addımlar bu çətinliyin öhdəsindən gəlməyə kömək edəcək" deyə Bank rəsmisi qeyd edib.

Onun sözlərinə görə kreditlərin subsidiyalaşdırılması və qismən zəmanət verilməsi üzrə hökumət dəstəyi proqramı, qarşıya qoyulmuş vəzifələrin bir hissəsinin öhdəsindən gəlir, çünki bu, mahiyyət etibarı ilə risklərin bölüşdürülməsidir: "İstərdik ki, bu proqamdan bütün qeyri-neft sektoru, həmçinin ticarət və xidmət sektoru da yararlana bilsin. Həmçinin ölkə rəhbərliyinin koronavirus pandemiyasının iqtisadiyyata mənfi təsirinin azaldılması üçün həyata keçirdiyi tədbirlər planının müsbət təsirini də qeyd etmək lazımdır. Cari vəziyyətdən ən çox zərər görən bizneslərin dəstəklənməsinə yönəlmiş proqramlar vaxtında və operativ icra edildi. Nəzərdən keçiriləsi digər məqam Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən əmanətlərin zəmanətə alınmasıdır. Bu gözəl alət, bir tərəfdən, bank sektoruna sabitlik gətirir, digər tərəfdən isə, düşünürəm ki, banklar arasında düzgün seçim etməkdə müştərilərə müəyyən dərəcədə mane olur. İnsanlar yalnız faiz dərəcələrinə diqqət yetirirlər. Əvvəllər bankın seçilməsi zamanı müəyyənləşdirici rol oynayan digər parametrlər – bankın effektiv iş modeli, səhmdarların strukturu, rahat xidmət və s. müştəri üçün böyük rol oynamır. İqtisadi fəallığın azalması iqtisadiyyatın bütün sahələrində özünü göstərdi. Bu eniş bizneslə yanaşı, həm də bank sahəsinə təsir etdi. Lakin birlikdə səy göstərərək bütün çətinliklərin öhdəsindən gəlmək olar. Əminəm ki, bütün tərəflərin – sahibkar, bankir, işgüzar assosiasiya və dövlət strukturlarının dialoq və birgə işi yaranmış situasiyanın öhdəsindən gəlməyə və ondan üzüağ çıxmağa kömək edəcək".

Müəllif: Elmir Murad

 

Other news