"Azərkosmos"un ixrac portfelini əsasən 5 ölkənin şirkətləri təşkil edib – Hesabat

15:18 - 31.05.2020


31 may, Fineko/abc.az. Proqnozlara əsasən “Azərkosmos”un gəlirləri növbəti illərdə daha da artacaq.

ABC.AZ şirkətin yaydığı hesabata istinadən xəbər verir ki, hazırda qüvvədə olan kommersiya müqavilələri üzrə növbəti dövrlər üçün 107,1 milyon manat gəlir təmin edilib.

Ümumilikdə, “Azərkosmos”un gəlirlərinin 90%-i peyk xidmətlərinin dünyanın 20-dən çox ölkəsinə ixracından formalaşıb. 2019-cu ilin nəticələrinə əsasən “Azərkosmos” dövlət və qeyri-dövlət ixracatçı subyektləri arasında xidmət sektorunda ixrac həcminə görə ən yüksək nəticə ilə birinci yerdə qərarlaşıb. Şirkətin ixrac portfelini əsasən ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Malayziya kimi dünyanın aparıcı ölkələrinin qabaqcıl şirkətləri təşkil edib. Bunlarla yanaşı, 2019-cu ildə “Azərkosmos”un yığılmış zərəri 1,9% azalaraq 307 milyon manata düşüb. Qeyd edilən yığılmış zərər birbaşa “Azərkosmos”un əməliyyat fəaliyyəti ilə bağlı deyil, əsasən (85%) ötən illərdə baş vermiş devalvasiyalar nəticəsində manatın məzənnəsinin aşağı düşməsi və bu səbəbdən manatla hazırlanan maliyyə hesabatında mənfi məzənnə fərqinin əks etdirilməsi ilə əlaqədardır. Belə ki, Beynəlxalq Mühasibat Uçotu Standartlarının tələblərinə görə peyk layihələrinin maliyyələşdirilməsi üçün xarici valyutada cəlb edilmiş kreditlər üzrə öhdəliklərdə yaranmış mənfi məzənnə fərqi maliyyə hesabatlarında Azərbaycan manatı ilə texniki olaraq zərər kimi tanınmalıdır. Şirkətin mənfəət və gəlirlərinin artımı ilə bağlı tarixçə və proqnozlara əsasən, ümumi yığılan zərərin ən azı əməliyyat fəaliyyəti ilə bağlı hissəsi yaxın illərdə mənfəətlə əvəzlənə biləcək.

Müəllif: Elmir Murad

 

Other news