Bakı metrosu üçün 4 müasir qatar gətirilib – Yaxın vaxtda xəttə buraxılacaq

11:53 - 8.06.2020


8 iyun, Fineko/abc.az. “Bakı Metropoliteni” QSC-nin sifarişi əsasında istehsal olunmuş, innovasiyalar baxımından ən müasir - 4-cü nəslə məxsus 81-765. B81-/766.B modelli 20 vaqondan ibarət 4 yeni qatar Bakıya gətirilib.

Bu barədə ABC.AZ-a "Bakı Metropoliteni"ndən bildirilib.

Məlumatda qeyd edilib ki, qatarlar vaqonlararası birbaşa keçid konstruksiyalıdır. Bu, vaqonun tutumunu 15 faiz artırmaqla, sərnişinlərin qatar boyunca bərabər paylanmasını təmin edir. Bu vaqonların da qapıları enlidir, açılıb-bağlanması işıqlı xəbərdarlıq sistemi ilə təmin edilib. Ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar, iri yüklər, uşaq və əlil arabaları üçün sahələr də ayrılıb. Tutacaqlar sərnişin sıxlığına uyğunlaşdırılıb.

Yeni vaqonların daha bir fərqləndirici cəhəti odur ki, orijinal işıq qrafikası Bakı vaqonları üçün xüsusi olaraq işlənib.  Salonda quraşdırılan diodlu lampalar işıq selinin gücünü çoxaldıb-azaldır və müvafiq erqonomik ab-hava yaradır. Kondisioner sistemi "Bakı Metropoliteni" QSC-nin texniki şərtləri nəzərə alınmaqla, yerli iqlim şəraitinə uyğunlaşdırılmaqla hazırlanıb. Tambursuz konstruksiya istilik izolyasiyasının effektini artırmaqla, salonlarda havanın bərabər paylanmasına xidmət edir.

Yeni qatarlar müvafiq sazlama və tənzimləmə işlərindən sonra, yaxın vaxtlarda xəttə buraxılacaq.

Müəllif: Elmir Murad

 

Other news