Azərbaycanın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə publik hüquqi şəxs statusu verildi

15:54 - 16.01.2018


16 yanvar, Fineko/abc.az. Azərbaycanın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, publik hüquqi şəxsə çevrildi.

Agentlikdən verilən məlumata əsasən, Agentliyin hüquqi statusu, Azərbaycan prezidentinin müvafiq fərmanına əsasən dəyişdirilib.

“Fərmana əsasən, Agentliyin Nizamnaməsi təsdiq edilib. Təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidentinə və Agentliyin özünə həvalə olunub”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, Agentliyin ilkin nizamnamə fondu dövlət büdcəsinin vəsaiti hesabına formalaşır və 4 milyon manat təşkil edir. Agentliyin Nizamnaməsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin məqsədi və istiqamətləri, vəzifələri və hüquqları, idarə olunması, nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları və digər məsələlər əksini tapıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi artıq publik hüquqi şəxs kimi qeydiyyata alınıb.

 

 

Other news