Əmək müfəttişliyinin elektron nəzarət sistemi qurulmaqdadır – Nazir anons verdi

12:34 - 19.06.2020


19 iyun, Fineko/abc.az. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sahəsində yeni və müasir metodlar hazırlanır.

Əsas hədəflərdən biri kimi, əmək müfəttişliyinin elektron nəzarət sistemi qurulmaqdadır. Nəzarətlə əlaqədar elektron protokolların tərtib edilməsi və elektron qərarın qəbul edilməsi  “Monitorinq” altsistemi vasitəsilə həyata keçiriləcək. Hazırda bunun üçün həmin altsistemin müvafiq funksional imkanlarının formalaşdırılması prosesi gedir.

ABC.AZ xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinə və əmək sahəsində məsələlərin müzakirəsinə həsr olunmuş video formatında keçirilən iclasda bildirib.

Nazir qeyd edib ki, pandemiya dövründə reallaşdırılan sosial dəstək tədbirlərinin mühüm istiqaməti kimi, iş yerlərinin, muzdla çalışan 1 milyon 665 minədək işçinin iş yeri və əməkhaqqı gəlirləri qorunması işləri davam edir. O qeyd edib ki, “Əmək müqaviləsi bildirişi” altsistemində bununla bağlı işəgötürənlərə xəbərdarlıqlar yerləşdirilib. "Həmçinin e-sistem üzərindən bu istiqamətdə gündəlik nəzarət aparılır, e-sistemə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş daxil edən işəgötürənlərlə dərhal əlaqə saxlanılır. Xitam səbəbləri dəqiqləşdirilir, xitam qanunvericiliyə uyğun olmadıqda, həmin işçilərin işə bərpası təmin edilir" deyə nazir bildirib.

Müəllif: Elmir Murad

 

Other news