Bundan sonra sığorta hadisələri məlumatı belə veriləcək - Yeni xidmət

14:03 - 22.06.2020


22  iyun, Fineko/abc.az.   İcbari Sığorta Bürosu (İSB) sığorta şəhadətnamələri və sığorta hadisələri barədə məlumatların elektron qaydada əldə edilməsi üçün elektron şəxsi kabinet xidmətini istifadəyə verib.

Bu barədə məlumat ABC.AZ-a İSB-dən verilib.

 Bunun üçün vətəndaş İSB-nin rəsmi internet səhifəsinə (www.isb.az) daxil olaraq, “E-xidmət” bölməsindən “Asan İmza” və ya “e-İmza” düymələrindən birini seçir. Seçdiyi elektron imza növü vasitəsi ilə sistemə daxil olur və şəxsi sığorta kabinetinin “Sığorta məlumatlarım” menyusunda şəhadətnamələrini görür.

Şəxsi sığorta kabinetində ilkin olaraq elektronlaşmış iki sığorta növü – “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta” üzrə məlumatların əldə edilməsi mümkündür.

Vətəndaşlar İSB-nin istifadəyə verdiyi elektronlaşdırılmış digər sığorta növü üzrə işəgötürən tərəfindən hansı dövr ərzində sığortalandığı, müvafiq sığorta məbləği, ödənilən sığorta haqqı və s kimi ətraflı məlumat əldə edə biləcək.

Müəllif: Elmir Murad

Other news