Qida Təhlükəsizliyi Agentliyi: Azərbaycanın istehlak bazarında “Lactalis Group”un zərərli məhsulları satılmır

16:06 - 18.01.2018


18 yanvar, Fineko/abc.az. Fransanın  süd konserni “Lactalis Group” yanvarın 12-də Kraon zavodunda istehsal olunmuş bütün quru süd və əlaqəli süd məmulatlarının geri götürülməsi haqqında qərar verib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, “Lactalis Group” Beynəlxalq Fransa şirkətinin ölkəmizdəki təmsilçisi 2011-ci ildən fəaliyyətdə olan "Lactalis Caspi” MMC şirkətidir.

“Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ilə birlikdə ölkəyə “Lactalis Group”a məxsus hansı çeşiddə və sayda qida məhsullarının idxal olması ilə bağlı araşdırmalara başlamışdır”, - məlumatda belə deyilir.

Səhiyyə Nazirliyində bildirildi ki, quruma, “Lactalis” nişanlı uşaq qidalarının dövlət gigiyena qeydiyyatına alınması ilə əlaqədar hər hansı bir müraciət olmamışdır. 2017-ci il ərzində adı çəkilən şirkətin “Picot”, “Milumel” və “Celia” uşaq qidaları və digər süd məhsulları ölkəmizə idxal edilməmişdir. Bu şirkətə məxsus başqa nişanlı süd məhsulları idxal edilmişdir ki, onlardan da götürülən nümunələrin qida üçün yararlı olduğu müəyyən edilmişdir.

“Lactalis Caspi” şirkətindən xəbər verildi ki, “Celia” nişanlı qida məhsulları əvvəlki illərdə ölkəyə idxal edilib, lakin 2013-cü ildən etibarən bu məhsulun idxalı dayandırılıb. Hazırda beynəlxalq şirkətə məxsus digər süd məhsulları idxal edilir. Aparılmış araşdırmaların nəticəsi olaraq, “Lactalis Group”a məxsus “Picot”, “Milumel” və “Celia” nişanlı uşaq qidaları ölkəyə idxal edilmir”, - məlumatda belə deyilir.

İstehlakçıların satış nöqtələri, ticarət obyektlərində adı çəkilən qida məhsullarına rast gəldikləri halda Qida Təhlükəsizliyi Agentliyinin (012) 565-12-72 və ya (012) 565-12-82 nömrələrinə məlumat vermələri xahiş olunur.

 

Other news