Dünyanın ən zəngin adamının varidatı rekord həddə çatdı – 171,6 milyard dolları var

12:28 - 2.07.2020


2 iyul, Fineko/abc.az. Dünyanın ən zəngin adamı, ABŞ-ın "Amazon" korporasiyasının rəhbəri Ceff Bezosun sərvəti 171,6 mlrd. dollara çatıb ki, bu da iş adamı üçün rekord bir rəqəmdir.

ABC.AZ xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Milyarderin sərvətinin artımı dünyanın ən böyük onlayn pərakəndə satış şirkəti olan "Amazon"da səhmlərin bahalaşması ilə əlaqədardır. Belə ki, ötən gününün nəticələrinə görə, bir səhmin qiyməti 4,4% artaraq rekord sayılan 2 878,7 dollara çatıb. Agentliyin məlumatına görə, təkcə 2020-ci ilin birinci yarısında şirkətin 11% səhmlərinə sahib olan iş adamı 56,7 mlrd. dollar qazanıb.

Qeyd edək ki, bu ilin aprelində "Forbes" jurnalı Ceff Bezosu dünyanın ən zəngin insanları arasında birinci yerə layiq görüb. Həmin vaxt onun sərvəti təxminən 113 mlrd. dollara bərabər olub.

 

Other news