190 manat nə vaxt verilməyə başlanacaq? – Nazirdən açıqlama

11:21 - 7.08.2020


7 avqust, Fineko/abc.az. Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmələrin verilməsi barədə Prezident İlham Əliyevin tapşırığı qısa müddətdə icra olunacaq və yaxın günlərdə bu ödənişlərin verilməsi təmin ediləcək.

ABC.AZ-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev hazırda keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları üzrə işsiz və xüsusi karantin rejimində işini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərdən ibarət 278 min nəfəri əhatə edəcək bu ödəmələr üçün 53 milyon manat sərf ediləcək.

"Bununla da COVİD-19 dövründə yalnız bir dəstək istiqaməti – birdəfəlik ödəmə proqramı üzrə yönəldilmiş vəsaitin ümumi həcmi 333 milyon manata çatacaq" deyə nazir qeyd edib.

Müəllif: Elmir Murad

 

Other news