Prezident: “Qarabağ” müstəqillik dövründə Azərbaycanda kəşf edilmiş birinci neft yatağıdır

16:11 - 10.08.2020


10 avqust, Fineko/abc.az.1990-cı illərdə Heydər Əliyev neft strategiyasının icrası nəticəsində pay bölgüsü haqqında kontrakt imzalanmışdır. 1990-cı illərdə bu yataqda 3 quyu qazılmışdır.

Lakin xarici tərəfdaşlar “Qarabağ” yatağının səmərəliliyinə inanmamışdılar, kontrakta xitam verilmiş və “Qarabağ” yatağı tərk edilmişdi. Ancaq bizim mütəxəssislər tam əmin idilər ki, bu yatağın çox böyük potensialı var və həyat bunu təsdiqlədi. Bu il qazılmış dördüncü quyu səmərəli oldu və beləliklə, yataq tam kəşf edilmişdir.

ABC.AZ xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Dövlət başçısı deyib: “Onu da bildirməliyəm ki, bu, müstəqillik dövründə Azərbaycanda kəşf edilmiş birinci neft yatağıdır. Çünki “Azəri”, “Çıraq”, “Günəşli” yataqları sovet dövründə kəşf edilmişdir. “Şahdəniz” və “Abşeron” yataqları qaz-kondensat yataqlarıdır. Neft yatağı olaraq bu, birinci yataqdır və bu nəhəng qurğu Xəzər dənizində inşa edilmiş ən böyük qurğudur. Ona görə bu layihənin əhəmiyyəti haqqında çox danışmaq olar. Əminəm ki, növbəti illərdə “Qarabağ” və digər yataqlar uğurla istismar ediləcək və ölkəmizə böyük fayda verəcək”.

 

Other news