Mərkəzi Bank yeni Ani Ödənişlər Sistemi-ni istismara verib

10:52 - 12.08.2020


12 avqust, Fineko/abc.az. Ölkədə yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi, ödəniş xidmətlərinə əlçatanlığın artırılması məqsədilə Mərkəzi Bank tərəfindən yaradılmış Ani Ödənişlər Sistemi (AÖS) pilot rejimində istismara verilib.

Bu barədə ABC.AZ-a  Mərkəzi Bankından məlumat verilib.

Məlumata görə, Milli Ödəniş Sistemi infrastrukturunun əsas komponentləri dünyada qəbul olunmuş iş prinsiplərinə uyğun olaraq təsdiq edilmiş reqlament çərçivəsində (09:00-17:00 intervalında) fəaliyyət göstərir.

AÖS fiziki şəxslər, biznes qurumları və dövlət orqanları arasında ödəniş əməliyyatlarının 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar (FİN kod, VÖEN, mobil nömrə, e-poçt) vasitəsilə aparılmasına və pul vəsaitinin dərhal vəsait alanın bank hesabında əks olunmasına imkan verəcək.

Hazırda AÖS platformasında 13 bank və Dövlət Xəzinədarlığı Agentliyi üzrə inteqrasiya işləri tam başa çatdırılmış və pilot rejimində “B2B”, “C2C” (“Biznesdən biznesə”, "Müştəridən müştəriyə") tipli ödənişlərin həyata keçirilməsi təmin olunub.

Cari ilin sonunadək sistemin kiçik təsərrüfat subyektlərinə QR kod, NFC kimi innovativ mobil həllərdən istifadə edərək nağdsız ödənişləri qəbul etmək imkanı verən funksionallıqları təqdim ediləcək.

 

Other news