Bu sığortaların haqqını ödəməyənlər ölkədən çıxa bilməyəcək – Siyahı

14:29 - 11.09.2020


11 sentyabr, Fineko/abc.az. Məcburi dövlət sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqlarını ödəməyənlərin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılacaq.

ABC.AZ apa-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilən Mülki Prosessual Məcəllə və Miqrasiya Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Qüvvədə olan Mülki Prosessual Məcəllənin 305.1.12-ci maddəsinə əsasən, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır.

Dəyişikliyə əsasən, bu maddə yeni redaksiyada verilir.

Yeni redaksiyaya əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

 

Other news