Caspian Asian Club yaradılıb

12:46 - 7.02.2018


Caspian European Club və Caspian Energy İnternational Media Group-un dəstəyilə yaradılmış Caspian Asian Club adlı yeni sahibkarlar ittifaqı fəaliyyətə başlayıb. Bu barədə Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini Telman Əliyev məlumat verib.

Onun sözlərinə görə, Caspian Asian Club-un yaradılması Asiya qitəsi ölkələrinin şirkətlərinin Xəzər-Qara dəniz regionu şirkətləri ilə biznes-dialoqunun növbəti inkişaf və fəallaşma mərhələsi olacaq.

“Caspian Asian Club iki il ərzində Caspian European Club ilə paralel fəaliyyət göstərəcək. Caspian Asian Club-un Sədri Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyev, Caspian Asian Club  sədrinin birinci müavini isə Telman Əliyevdir. İdarə heyətinin və icraiyyə komitəsinin üzvləri hər iki təşkilat üçün eyni olacaq. Caspian Asian Club-un baş icraçı direktoru yaxın vaxtda elan ediləcək”, - deyə Telman Əliyev çıxışına davam edib.

O həmçinin qeyd edib ki, Caspian European Club-a daxil olan bütün şirkətlər avtomatik şəkildə Caspian Asian Club-un tərkibinə daxil ediləcəklər.

“Caspian Asian Club-un yaranmasına təkan verən amil Caspian European Club-un üzv şirkətləri ilə əlaqələr qurmaq istəyən Asiya qitəsi, həmçinin iqtisadiyyatın müxtəlif sahələrinə aid ixracyönümlü məhsullar istehsal edən və öz məhsul və xidmətləri ilə Asiya ölkələrinin bazarlarına çıxmaq niyyətində olan Xəzər-Qara dəniz regionu ölkələrinin şirkətlərinin müraciətləri olub. Biz bunun həmçinin Asiya qitəsi ölkələri ilə Xəzər-Qara dəniz regionu dövlətləri arasında qarşılıqlı turizm axınının artmasına müsbət təsir göstərəcəyinə əminik”,- deyə Telman Əliyev vurğulayıb.

O əlavə edib ki, Caspian European Club kimi Caspian Asian Club-un da mənzil-qərargahı Bakıda yerləşəcək.

Caspian European Club Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.

Caspian European Club yarandığı ilk gündən neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə kömək edir. Sıralarında beş mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.

Caspian Energy, Caspian Energy Forum, Caspian Energy Award, Caspian Energy Club, Caspian European Club, Caspian Business Club, Caspian American Club, Caspian Asian Club, Caspian American Forum, CEO, CEO Breakfast, CEO Brunch, CEO Lunch, CEO Party, CEO Cocktail, Caspian Energy TV, Caspian Energy Photo, Caspian Energy Marketing, Brand Award və digərləri qeydiyyatdan keçmiş ticarət markalarıdır və Caspian Energy International Media Group-a məxsusdurlar.

Other news