Bakı Ali Neft Məktəbində MBA proqramına qəbul keçiriləcək

11:43 - 8.02.2018


Bakı Ali Neft Məktəbində (BANM) cari ildən etibarən “Biznesin idarə edilməsi” (Master of Business Administration) ixtisası üzrə magistratura proqramı tədris ediləcək.

Hazırda magistratura pilləsi üzrə  “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə yüksək səviyyəli mütəxəssislər hazırlayan BANM 2018/2019-cu tədris ili üçün MBA proqramı və “Proseslərin Avtomatlaşdırılması mühəndisliyi” üçün də qəbul elan edib.

Qeyd edək ki, Ali Məktəb  MBA proqramı üzrə qəbula cəmi 30 yer ayırıb. Proqram işləyən mütəxəssislər üçün də çox əlverişlidir. Belə ki, dərslər axşam saatlarında keçiriləcək. İki illik MBA proqramı Ali Məktəbin digər ixtisaslarında olduğu kimi  ingilis dilində tədris ediləcək. Tədris BANM-ın yüksək ixtisaslı yerli və əcnəbi professor və müəllimləri tərəfindən aparılacaq.

MBA proqramında idarəetmə və təşkilati davranış, maliyyənin idarə olunması, biznes və iqtisadiyyat üçün statistika, marketinq konsepsiyaları, menecerlər üçün mühasibat, istehsalın və əməliyyatların idarə olunması, strateji idarəetmə, insan resurslarının idarə olunması, idarəetmənin iqtisadiyyatı, informasiya texnologiyalarının idarə olunması, kapital qoyuluşu və maliyyə strategiyaları, bazarın öyrənilməsi və beynəlxalq biznes kimi aktual fənlərin tədrisi nəzərdə tutulub.

Mühəndislik sahəsində ixtisasları və kadr hazırlığı beynəlxalq səviyyədə qəbul edilən, dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq tədris proqramında ən son texnoloji nailiyyətləri həyata keçirən Bakı Ali Neft Məktəbində MBA proqramının tətbiqi gənclər üçün idarəetmə sahəsində yeni bilik və bacarıqların əldə edilməsinə böyük imkanlar yaradacaq.

 

Other news