Müdafiə naziri: müharibənin hər an təkrarlanacağı istisna edilmir

10:27 - 20.02.2018


20 fevral, Fineko/abc.az. Azərbaycanın Müdafiə naziri Avropa İttifaqının  xüsusi elçisi ilə görüşüb.

Müdafiə Nazirliyinin məlumatında deyilir ki,  dünən, fevralın 19-da Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi elçisi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Cəbhə xəttindəki mövcud vəziyyətlə bağlı məsələlər müzakirə edildiyi görüşdə, general-polkovnik Zakir Həsənov beynəlxalq icma tərəfindən tanınan Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğunu və danışıqlar prosesinin əvvəlki kimi nəticəsiz qaldığını diqqətə çatdırıb. Z.Həsənov cəbhə xəttində iki silahlanmış ordunun daim üz-üzə dayandığını qeyd edərək müharibənin hər an başlaya biləcəyini istisna etməyib”, - məlumatda belə deyilir.

Nazir qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nəticələrinin araşdırılmasının əvəzinə, beynəlxalq strukturlar, münaqişənin tamamilə aradan qaldırılması üçün hər cür səy göstərərək, onun yaranma səbəblərini kökdən həll etməlidirlər.

Toivo Klaar, öz növbəsində, Cənubi Qafqaz regionunda sabitliyin təmin edilməsi üçün münaqişənin tezliklə və sülh yolu ilə həllinin vacibliyini qeyd edərək, Avropa İttifaqının bu istiqamətdə danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu vurğulayıb.

 


Other news