Azərbaycanda məcburi sosial sığorta sahəsində borclar silinəcək

15:09 - 20.02.2018


20 fevral, Fineko/abc.az. Parlamentin Əmək və Sosial siyasət komitəsi, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsini müzakirə edib.

Müzakirə əsnasında Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib ki, qanun layihəsi sahibkarlığın inkişaf etdirilməsi üçün nəzərdə tutulub, çünki borclar sahibkarlıq fəaliyyətinə əngəl törədir.

“2003-cü illə müqayisədə sosial sığorta haqları üzrə daxilolmalar təxminən 9,4 dəfə artıb. İ.İsayev qeyd edib ki, məcburi dövlət sosial sığortası üzrə ödənilməyən borclar da var. Onun sözlərinə görə, bu borclar 1 yanvar 2018-ci il tarixinədək təxminən 364 mln. manatdan çoxdur,  bunun da 282,6 milyon manatı əsas borclar, 81,8 milyon manatı isə sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilən sanksiyalar və cərimələrdir. Bu borcların silinməsi vətəndaşların pensiya təminatına heç bir təsir göstərməyəcək”, - nazir müavini belə deyib.

Layihə, müzakirələrdən sonra plenar iclasa tövsiyə olunub.

“Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi, 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2015-ci ilin 1 aprel  tarixinədək yaranmış maliyyə sanksiyalarının silinməsini nəzərdə tutur.

2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10%-i ödənildikdə - yiğılmış borcların 90%-i silinir, 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30%-i ödənildikdə - yiğılmış borcların 70%-i silinir, 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50%-i ödənildikdə - yiğılmış borcların 50%-i silinir.

 

 

Other news