Şuşanın içməli su təchizatı təmin edilib

16:15 - 17.12.2020


17 dekabr, Fineko/abc.az. “Azərsu” ASC Şuşa şəhərini dayanıqlı içməli su ilə təmin etmək üçün təxirəsalınmaz tədbirləri davam etdirir. Kiçik Kirs mənbəyindən sonra Zarıslı mənbəyindən suyun verilməsilə Şuşa şəhərinin alternativ və dayanıqlı içməli su təchizatı təmin edilib.

“Azərsu” ASC-dən ABC.AZ-a verilən məlumata görə, Zarıslı mənbəyi və Zarıslı-Şuşa magistral kəmərində aparılan təmir işləri yekunlaşıb və şəhərə yeni mənbədən suyun verilməsi təmin olunub.

Qeyd olunur ki, Şuşa şəhərindən 11 km məsafədə yerləşən Zarıslı mənbəyi və Laçın-Şuşa avtomobil yolunun kənarı ilə çəkilmiş magistral su xətti tam təftiş edilib, kəmərin qəzalı hissələri müəyyənləşdirilib.

Hazırda Şuşa şəhərinin daxili paylayıcı su şəbəkəsinin sıradan çıxmış və qəzalı hissələrinin təmiri davam etdirilir, su almayan bina və tikililərin su təchizatı bərpa edilir.

 


Other news