Misir prezidenti Azərbaycanın iqtisadiyyat nazirini qəbul edib

11:37 - 23.02.2018


23 fevral, Fineko/abc.az. Misirin prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayevi qəbul edib.

Görüşdə nazir Şahin Mustafayev deyib ki, Azərbaycan-Misir Hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Komissiyanın fəaliyyətinin bərpası hər iki ölkənin iqtisadi inkişafı ilə bağlıdır.

“İslahatların reallaşdırılması nəticəsində ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradılıb”, - nazir bunu deyərək, dövlət başçısına Hökumətlərarası Komissyanın iclası və imzalanmış sənədlər haqqında məlumat verib.

Öz növbəsində, Misir prezidenti bildirdi ki, rəsmi Qahirə Azərbaycan ilə bütün sahələrdə əməkdaşlıq etməyə hazırdır.

Fevralın 22-də Misirin Qahirə şəhərində Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın 4-cü iclası keçirilib.

Forum çərçivəsində, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Misirin İxracın İnkişafı Qurumu (EDA) arasında, AZPROMO ilə Misirin İnvestisiyalar və Azad Zonalar üzrə Baş Qurumu (GAFI) arasında anlaşma memorandumları imzalanıb.  Görüşün sonunda ticarət, sənaye, energetika, kənd təsərrüfatı, maliyyə, kommunikasiya və informasiya xidmətləri, enerji, mədəniyyət, turizm və s. sahələrdə əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutan yekun protokol imzalanıb.

 

Other news