Mərkəzi Bankdan manatla bağlı açıqlama – Ucuzlaşma yoxdur

14:29 - 12.01.2021


12 yanvar, Fineko/abc.az. Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.

Mərkəzi Bankdan ABC.AZ-a daxil olan məlumata görə, hərracda tələb 142,2 milyon ABŞ dolları təşkil edib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Məlumatda qeyd edilib ki, son günlər manatın ucuzlaşması ilə bağlı mətbuatda və sosial şəbəkələrdə gedən əsassız xəbərlərin fonunda formalaşan gözlənti nağd valyuta bazarında müəyyən tələbi şərtləndirib ki, bu da valyuta hərracında tələbin nisbətən artmasına təsir edib:

"Lakin, neftin qiymətinin ötən illə müqayisədə artdığını, OPEC+ son toplantısında neft hasilatı ilə bağlı müsbət qərarların qəbul olunduğunu, bütün dünyada artıq COVID-19 virusuna qarşı vaksinasiya proqramlarının başlandığını və Dövlət Neft Fondunun əhəmiyyətli məbləğdə transfertlərini nəzərə alaraq qeyd edirik ki, manatın ucuzlaşması ilə bağlı iddialar əsassızdır. Bu baxımdan hesab edirik ki, nağd valyuta ilə bağlı artan tələb müvəqqəti xarakter daşıyır və qısa zamanda səngiyəcək".

Müəllif: Elmir Murad

 

Other news