Vandallar aparılması mümkün olan nə varsa hamısını söküb aparıblar – İlham Əliyev

16:40 - 19.01.2021


19 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edib.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı görüşdə bir sıra məqamlara toxunub.

Prezident deyib: "Mən bilirəm ki, siz Ağdamda və Füzulidə olmusunuz, işğalçı qüvvələrin bizim şəhərləri viran qoyduğunu özünüz görmüsünüz. Vaxtilə Qarabağın çiçəklənən, on minlərlə insanın yaşadığı Ağdam və Füzuli şəhərləri tamamilə dağıdılıb. Füzulidə bircə salamat bina yoxdur. Vandallar və oğrular pəncərə çərçivələrini, qapıları, dam örtüklərini, aparılması mümkün olan nə varsa hamısını söküb aparıblar. Hər şeyin dağıdılmadığı ərazilərdə süni məskunlaşdırma siyasəti aparılırdı, bu, Cenevrə konvensiyalarının ən kobud şəkildə pozulmasıdır və hərbi cinayətdir. Özü də, işğalın ilk illərində Ermənistanın əvvəlki hakimiyyəti bu faktları gizlədirdisə, indiki hakimiyyət bununla fəxr edir, internetdə və özünün kütləvi informasiya vasitələrində Yaxın Şərqin digər dövlətlərinin erməni millətindən olan vətəndaşlarının buraya gəlməsi, Şuşada və digər şəhərlərdə məskunlaşması barədə videoçarxları nümayişkaranə şəkildə dərc edir, bununla da həm beynəlxalq hüquq normalarına, həm də insani əxlaq normalarına tam etinasızlıq göstərirdi”.

 

Other news