Ramiz Həsənov Caspian European Club-un biznes-forumunda iştirak edəcək

12:22 - 1.03.2018


2018-ci il martın 7-də Caspian European Club çərçivəsində Azərbaycan Respublikası Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun iştirakı ilə biznes-forum keçiriləcək. Bu barədə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Onun sözlərinə görə, Caspian European Club-un sahə klubların iclasları çərçivəsində irəli sürülmüş problem və təkliflərin müzakirəsi nəticəsində təşəbbüs göstərilmiş  bu görüş iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən şirkətlərin xahişi ilə təşkil olunub.

O, biznes-forumda Klub şirkətlərinin rəhbərlərinin standartlaşma, metrologiya və patent üzrə məsələlər üzrə təşəbbüs və təkliflərinin müzakirə olunacağını əlavə edib. Telman Əliyev qeyd edib ki, forum çərçivəsində biznesmenlərə həmçinin onları maraqlandıran suallara cavab almaq imkanı yaradılacaq.

“Öz növbəmdə qeyd etmək istəyirəm ki, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Ramiz Həsənov biznes-hakimiyyət dialoqunda fəal iştirak edir və şirkətlərin müraciət etdikləri bütün xahiş, problem və təkliflərə operativ reaksiya göstərirlər. Ümid edirəm ki, əməkdaşlıq bu formatda gələcəkdə də davam edəcək”, - deyə Telman Əliyev bildirib.

Biznes-forumda Caspian European Club-un saytında http://www.caspianenergy.org/index.php/2018-01-09-13-22-37/registration linki üzrə qeydiyyatdan keçmiş şirkətlər iştirak edə bilərlər.

Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradılıb. Caspian European Club, Caspian American Club və Caspian Asian Club-un Sdəri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.  Caspian European Club yarandığı ilk gündən neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə kömək edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirəm Caspian European Club, Caspian American Club və  Caspian Asian Club dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.

Other news