Yol Polisi bu sürücülərə xəbərdarlıq etdi

12:31 - 2.03.2021


2 mart, Fineko/abc.az. Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə növbəti dəfə xəbərdarlıq edib.

BDYPİ-dən ABC.AZ-a daxil olan məlumata görə, son vaxtlar həftənin ayrı-ayrı günləri, xüsusilə günün səhər saatlarında paytaxtın giriş hissələrindəki yollarda nəqliyyat sıxlığının yaranması müşahidə edilir:

"Yaranmış vəziyyətlə bağlı aparılmış təhlillər göstərir ki, paytaxtın yol infrastrukturunun inkişaf etməsinə baxmayaraq yaranan sıxlıqların əsas səbəblərindən biri bəzi sürücülərin nasaz avtomobillərlə yola çıxmalarıdır. Belə ki, bir avtomobilin nasazlığa, yaxud yanacağının bitməsinə görə yolun hərəkət hissəsində dayanması arxadan həmin zolaqla gələn yüzlərlə digər nəqliyyat vasitələrinin də dayanmasına səbəb olur. Arxadakı sürücülərin hərəkəti davam etdirmək niyyəti ilə qonşu zolaqlara keçmək istəkləri isə bütün zolaqlar üzrə nəqliyyatın ümumi hərəkətinə mənfi təsir göstərir ki, bu da həmin avtomobillərin təxliyyə olunmasını və ya onlara texniki yardım göstərilməsini mümkünsüz edir. Artıq belə olan halda əlbəttə ki, yollar nə qədər genişləndirilsə də effekti az olacaq. Bu tələblərin pozulması digər hərəkət iştirakçılarının yollardan istifadə hüquqlarının pozulması ilə bərabər təcili və təxirəsalınmaz tədbirləri həyata keçirən operativ nəqliyyat vasitələrinin də hərəkətinə maneə yaratmaqla inzibati məsuliyyətə səbəb olan xəta hesab olunduğundan bu növ xətaya yol vermiş sürücülər və cavabdeh şəxslər ciddi inzibati cəza tədbirlərinə cəlb olunacaqlar".

 

Other news