“AzerTelecom” Mobil Dünya Konqresində iştirak edib

12:03 - 7.03.2018


Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti “AzerTelecom” şirkətinin rəhbərliyi İspaniyanın Barselona şəhərində 26 fevral - 1 mart tarixlərində keçirilmiş GSMA Mobil Dünya Konqresində (GSMA World Mobile Congress) iştirak edib.

“AzerTelecom” MMC-nin Baş icraçı direktoru Fuad Allahverdiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Mobil Dünya Konqresində iştirak etməsində məqsəd informasiya və kommunikasiya texnologiyaları sahəsində ən müasir trendlər, çağdaş texnoloji yeniliklərlə tanış olmaq, iri telekommunikasiya şirkətlərinin rəhbərləri və nümayəndələri ilə işgüzar görüşlər keçirmək olub.

Keçirilmiş görüşlərdə internet texnologiyaları, rəqəmsallaşma, IoT (İnternet of Things - Əşyaların interneti), M2M (Machine-to-Machine– Maşınlararası əlaqə), Fintech (Maliyyə texnologiyaları) kimi mövzular müzakirə edilib, xarici tərəfdaşlarla əlaqələrinin genişləndirilməsi və birgə fəaliyyət perspektivləri barəsində faydalı fikir mübadiləsi aparılıb.

“GSMA” Mobil Dünya Konqresində kontent və media, 4-cü sənaye inqilabı, gələcəyin xidmət təminatçıları, şəbəkə, rəqəmsal istehlakçı, cəmiyyətdə texnologiya,  innovasiya, tətbiq olunan süni intellekt kimi mövzularda müxtəlif tədbirlər keçirilib, müxtəlif dövlət qurumları, özəl və beynəlxalq təşkilatların nümayəndələri mobil rabitə sektorunun inkişaf perspektivlərini müzakirə ediblər. Konfransda “GSMA”, “Ericsson”, “Deutsche Telecom”, “Airobotics”, “TATA Communications”, “IBM”, “HTC”, “Avropa Komissiyası”, “Dünya Bankı”, “China Mobile” və s. kimi qurumların rəhbərləri və nümayəndələri əsas spiker qismində çıxış ediblər.

Other news