Balaxanı Sənaye Parkının rezidenti beynəlxalq mükafata layiq görülüb

11:47 - 20.04.2021


20 aprel, Fineko/abc.az. Balaxanı Sənaye Parkının rezidenti “Bioropean” MMC dünyanın ən iri auditor təşkilatlarından hesab edilən Ernst&Young tərəfindən Azərbaycanda keçirilən İlin İş Adamı müsabiqəsində “Ətraf mühitə müsbət təsir” nominasiyası üzrə qalib elan edilib.

İşlənmiş qida yağlarının təkrar emalı nəticəsində biodizel və texniki qliserin üçün xammal istehsal edən ”Bioropean” MMC xammal kimi iaşə obyektlərindən və fərdi evlərdən yığılan tullantılardan istifadə edir. Nəticədə tullantı qida yağları düzgün idarə olunaraq, çirkab sularla birlikdə dənizə axıdılmadan və ya yenidən qida sektoruna qayıtmadan təkrar emala yönəldilir. Bu isə öz növbəsində, ətraf mühitin və qida təhlükəsizliyinin qorunmasına böyük töhfə verir. İlik istehsal gücü 2300 ton olan “sıfr tullantı” prinsipi ilə fəaliyyət göstərən müəssisə məhsulunun 90%-ni Avropa ölkələrinə ixrac edir.

Qeyd edək ki, 10,1 hektar ərazini əhatə edən Balaxanı Sənaye Parkının 22 rezidentindən 16-sı artıq fəaliyyət göstərir və 780-ə yaxın daimi iş yeri yaradılıb. Parka 44 milyondan artıq investisiya yatırılıb.


Other news