Malayziya Azərbaycan Prezidentinin səfərini səbirsizliklə gözləyir

12:30 - 14.03.2018


“Malayziya Azərbaycana Qafqaz regionunda və İslam dünyasında əhəmiyyətli partnyor kimi baxır”, - deyə Malayziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zati-aliləri Dato Roslan Tan Sri Abdul Rahman Caspian Energy İnternational Media Group-un nümayəndə heyəti ilə görüş zamanı söyləyib.

Görüşdə Azərbaycan-Malayziya arasındakı informasiya əməkdaşlığını genişləndirmək və bu əlaqələrdə mümkün  qədər geniş iştirak etmək perspektivlərinə toxunulub. Səfirin sözlərinə görə, Caspian Energy jurnalı energetika sahəsində masaüstü nəşr və aprıcı beynəlxalq jurnallardan biridir. “Jurnalın buraxılışıarından birində dərc olunmuş Xəzərdə şirkətlərin investisiya fəallığı reytinqi xüsusi maraq oyadıb”, - deyə diplomat qeyd edib.

“Caspian Energy yüksək vəzifəli hökumət məmurları, diplomat və enerji sektorunun oyunçuları üçün informasiya mənbəyidir. Biz burada informasiya əlaqələrinin inkişafının əhəmiyyətini görürük ki, bu da öz növbəsində həm möhkəm dövlətlərarası dialoqun yaradılmasına, həm də iki ölkə arasında biznes münasibətlərinin dinamik inkişafına yardım edir”, - Zati-aliləri Dato Roslan Tan Sri Abdul Rahman deyib.

Diplomat qeyd edib ki, Azərbaycan coğrafi baxımdan Malayziyadan uzaq olsa da, bu amil iki ölkənin şirkətlərinin faəl əməkdaşlığına və investisiya qoyuluşuna mane olmur. Bu gün “Petronas” şirkətinin investisiyası 4 milyard dolları keçib.

“Malayziya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin inauqurasiya çərçivəsində Malayziyaya və Cənubi-Şərqi Asiya ölkələrinə səfərini səbirsizliklə gözləyir. Bu mühüm səfər ikitərəfli əlaqələrin gələcəkdə daha da möhkəmlənməsinə təkan verəcək və hər iki tərəfdən xeyli sayda investisiyanın cəlbinə yardım edəcək”, - deyə Zati-aliləri Dato Roslan Tan Sri Abdul vurğulayıb.

Onun sözlərinə görə, rəsmi səfirliyin 2014-cü ilin aprelində təsis olunmasına baxmayaraq, əlaqələrin inkişafının əsası həmin vaxt Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakın Azərbaycana səfəri və Malayziya neft şirkətinin “Şah Dəniz” layihəsinə daxil olması ilə qoyulub.

Redaktordan: Petronas “Şah Dəniz” yatağının işlənib hazırlanması layihəsində və Cənubi Qafqaz qaz borusunda 15,5 faiz pay iştirakına, həmçinin “Azerbaijan Gas Supply Company”nin səhmlərinin 12,4 faizinəsahibdir.

“Petronas” bu payı əvvəlcədən dəyəri 400 milyon ABŞ dolları olan Trans-Adriatik boru kəmərindəki (TAP) 20 faizlik payını satmaq qərarını açıqlayan Norveçin “Statoil” şirkətindən alıb.

“Bu gün Azərbaycan öz iqtisadiyyatını diversifikasiya edir və Malayziya iqtisadiyyatın bütün sahələrində böyük təcrübəyə sahib olduğu üçün strateji partnyor ola bilər”, - deyə səfir vurğulayıb. Bakı-Tbilisi-Qars marşrutunun perspektivlərinə toxunan səfir bunun qonşu dövlətlər üçün geniş imkanlar açan olduqca mühüm və uzunmüddətli layihə olduğunu deyib.

Görüşün sonunda səfir Caspian Energy jurnalına eksklüziv müsahibə verib. Müsahibədə iki ölkə arasındakı əməkdaşlıqda qarşılıqlı maraq doğuran bir sıra beynəlxalq qlobal tendensiya və layihələr barədə geniş məlumat verilib. Müsahibə ilə www.caspianenergy.net saytında tanış ola bilərsiniz.

 

Other news