“AG Bank” və “NBC Bank” əmanətçilərinin ərizəsinin agent banklarda qəbulu başa çatıb

16:34 - 17.05.2021


17 may, Fineko/abc.az. Lisenziyası ləğv edilmiş “AG Bank” ASC və “NBC Bank” ASC-nin əmanətçilərinin agent banklar tərəfindən ərizə qəbulunun müddəti başa çatıb.

Əmanətlərin Sığortalanması Fondundan (ADIF) ABC.AZ-a bildirilib ki, fond agent bank vasitəsilə əmanətçilərin ərizələrini kompensasiya ödənişi ilə bağlı elanın ilk dəfə dərc olunduğu gündən başlayaraq bir il ərzində qəbul edir.

Elanının ilk dəfə dərc edildiyi gündən bir il ötməsini nəzərə alaraq, bu il mayın 16-dan etibarən sözügedən ləğv prosesində olan bankların əmanətçilərinin ərizə qəbulunun müddəti bitib.

Qeyd edək ki, ötən ilin iyunun 16-dan cari ilin mayın 16-dək “AG Bank” ASC-nin 4803 əmanətçisinə 121 milyon 55 min 519 manat (ümumi kompensasiya öhdəliyinin 90,32 faizi), “NBC Bank” ASC-nin 4249 əmanətçisinə 133 milyon 213 min 682 manat (ümumi kompensasiya öhdəliyinin 97,13 faizi), hər iki bank üzrə isə toplam 9052 əmanətçiyə 254 milyon 269 min 201 manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Ləğv prosesində olan bankların əmanətçilərinin kompensasiya ödənişi üçün müraciətlərinin müddətinin uzadılması ilə bağlı müvafiq sənədlərlə birlikdə ərizələrinin qəbulu artıq Əmanətlərin Sığortalanması Fondunun baş ofisində (Babək prospekti 16 ünvanında) həyata keçiriləcək.

 

Other news