Azərbaycanın Energetika naziri bu ilin “AHK Impuls” tədbirində iştirak edib

14:44 - 14.03.2018


14 mart, Fineko/abc.az. Dünən Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Hyatt Konfrans Mərkəzində üzv şirkətlər üçün ənənəvi AHK-İmpuls tədbirini keçirib.

Bu ilin ilk “AHK-Impuls” tədbiri enerji mövzusuna həsr olunmuşdur.

Energetika naziri cənab Pərviz Şahbazov tədbirdə fəxri qonaq qismində iştirak edərək “Azərbaycanda enerjinin gələcəyi” adlı məruzə ilə çıxış edib.

Pərviz Şahbazov Azərbaycanın 1994-cü ildən etibarən həyata keçirdiyi enerji strategiyasına və onun nailiyyətlərinə diqqəti yönəldib. O vurğulayıb ki, Azərbaycanın prioriteti hal-hazırda neft-kimya məhsullarının istehsalı və bu məhsulların ixrac potensialının genişləndirilməsidir.

Azərbaycanın elektroenergetika sektoru ilə bağlı siyasəti haqqında rəy bildirən nazir qeyd edib ki, elektroenergetika sahəsində yerinə yetirilməli olan vəzifələr sektorun müasirləşdirilməsi, səmərəliliyin və ekoloji tələblərin təmin olunması, alternativ və bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi, bu sahənin yerli və xarici investisiyalar üçün cəlbediciliyinin təmin olunmasıdır.

O, kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsində energetika sektoru ilə bağlı müəyyən olunan islahat tədbirlərinin icrasının davam etdirildiyini və enerji bazarının liberallaşdırılması, elektrik enerjisinin istehsalı və istehlakı üçün rəqabətli mühitin yaradılması istiqamətində işlərin həyata keçirildiyini vurğulayıb.

 

 

Other news