Azərsu keyfiyyət, nüfuz və liderlik meyarlarına görə keyfiyyət üzrə beynəlxalq mükafata layiq görülüb

16:12 - 16.03.2018


2018-ci ilin 11-13 mart tarixlərində Fransanın paytaxtı Paris şəhərində “Qlobal ticarət liderləri” klubunun  təşkilatçılığı ilə “Keyfiyyət və mükəmməlik üzrə Beynəlxalq Mükafat”ın təqdim olunması mərasimi  keçirilib. Təqdimat mərasimində   dünyanın 30 ölkəsini təmsil edən şirkətlərə fəaliyyət göstərdikləri ölkələrdə qazandıqları nailiyyətlərə görə beynəlxalq mükafatlar verilib.

Tədbirdə ölkəmizi təmsil edən “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC əvvəlcədən keçirilmiş gizli səsvermə nəticəsində keyfiyyət, nüfuz və liderlik meyarlarına görə keyfiyyət üzrə beynəlxalq mükafata layiq görülüb. Bu mükafat “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində su sektoru üzrə görülən işlərin təsdiqidir.

“Qlobal ticarət liderləri” klubunun rəsmiləri son illər Azərbaycanda əhalinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsi sahəsində görülən işləri və həyata keçirilən layihələri yüksək qiymətləndiriblər. Təqdimat mərasimində təşkilatın baş direktoru Rozo Lopes “Keyfiyyət və mükəmməlik üzrə Beynəlxalq Mükafat”ı “Birləşmiş Sukanal” MMC-nin direktoru Ramin Sadıqova təqdim edib.

Mərasimdə çıxış edən “Birləşmiş Sukanal” MMC-nin direktoru Ramin Sadıqov təltifə görə minnətdarlığını bildirib, bunu Azərbaycanın içməli su sektoruna və bu sahədə çalışanların əməyinə verilən yüksək dəyər kimi səciyyələndirib. R.Sadıqov qeyd edib ki, Azərbaycanın məhdud su ehtiyatlarına malik olmasına və həmin ehtiyatların qeyri-bərabər paylanmasına baxmayaraq, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bu sahədə böyük nailiyyətlər əldə edilib. Azərbaycanda dünyanın ən müasir su təchizatı obyektlərindən sayılan Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksi tikilib istismara verilib. Dövlət başçısını tapşırığına əsasən, ölkənin ən ucqar kəndlərinin də içməli su təchizatının yaxşılaşdırılması sahəsində genişmiqyaslı tədbirlər həyata keçirir.

R.Sadıqov bildirib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Sərsəng su anbarı və digər su mənbələri işğal olunmuş ərazilərdə qalıb. Bu, ətraf rayonlarda kəskin su çatışmazlığına səbəb olsa da, son 25 il ərzində bölgə əhalisinin içməli su təminatı sahəsində mühüm tədbirlər həyata keçirilib.

Qeyd edək ki, “Qlobal ticarət liderləri” Klubu keyfiyyət, nüfuz və biznesdə liderlik sahəsində beynəlxalq mükafatlar əldə edən şirkətlər arasında birlik yaratmaq məqsədilə təsis edilib. Təşkilatda dünyanın 95 ölkəsindən istehsal və xidmət sahəsində fəaliyyət göstərən 7500 nüfuzlu şirkət təmsil olunur. Belə geniş platforma şirkətlərin  sərmayə və  biznes imkanlarını artırır.

“Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyəti “Azərsu” ASC-nin tabeliyində olan ən iri müəssisələrdən biridir. Cəmiyyət respublikanın 59 rayonunda su təchizatı və kanalizasiya sistemlərinin istismarını və idarə olunmasını həyata keçirir. Ümumilikdə cəmiyyət kənd və qəsəbələr də daxil olmaqla  respublikanın regionlarında 1000-dək yaşayış məntəqəsinə xidmət göstərir.

Other news