Prezident şəhid jurnalistlərin ailələrinə ev verdi

10:11 - 22.07.2021


22 iyul, Fineko/abc.az. 22 iyul - Milli Mətbuat günündə Prezident İlham Əliyev iki şəhid jurnalistin - AzərTAc-ın əməkdaşı İbrahimov Məhərrəm Əli oğlunun və AzTV-nin operatoru Abışov Sirac Abış oğlunun ailələrinə mənzillər hədiyyə edib.

ABC.AZ xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev şəhid jurnalistlərin ailələrini ziyarət edərək, mənzillərin sənədlərini, həmçinin şəhid ailəsi vəsiqəsini və onlara təyin olunmuş sosial ödənişlərin kartlarını təqdim edib.

Nazir bildirib ki, Prezident İlham Əliyevin 14 iyun 2021-ci il tarixli Sərəncamı ilə hər iki şəhid jurnalistimiz 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə də təltif edilib.

Bu gün isə dövlət başçısının tapşırığına əsasən, həlak olmuş jurnalistlərin evlərinə yaxın məsafədə (Sumqayıt şəhərində və Bakının Xocasən qəsəbəsində) yerləşən yaşayış komplekslərindən mənzillərin sənədləri təqdim edilir.

Eyni zamanda, M.İbrahimov və S.Abışova ölümündən sonra şəhid statusu verilib və onların ailə üzvlərinə şəhid ailələri üçün nəzərdə tutulan sosial ödənişlər təyin olunub.

 

Other news