ADİF-in aktivləri 51% azalıb

10:46 - 6.08.2021


6 avgust, Fineko/abc.az. Bu il yanvarın 1-nə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) aktivləri 499,46 milyon manat təşkil edib.

ABC.AZ report-a istinadla xəbər verir ki, bu barədə Fondun maliyyə hesabatında deyilir.

Qeyd olunur ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 51,15% və yaxud təxminən 2,05 dəfə azdır.

ADIF-in aktivlərinin cəmi 1,34 milyon manatı nağd pul vəsaitləri və onların ekvivalentidir. Bu, 1 il əvvələ nisbətən təxminən 140 dəfə azdır.

2020-ci ildə Fondun dövlət veksellərinin ümumi dəyəri isə 41,2% azalaraq 464,637 milyon manata düşüb.

Hesabat dövründə ADIF öhdəliklərini 19,2 dəfə artıraraq 427,777 milyon manata, o cümlədən kompensasiya ödənişləri üzrə öhdəliklərini 6,7 dəfə artıraraq 147,771 milyon manat çatdırıb, əvəzində sair öhdəliklərini təxminən 7 dəfə azaldaraq 6 min manata endirib, həmçinin 280 milyon manat borc alıb.

Dövlət veksellərinin dəyərinin azalması və borc alınması 2020-ci ildə Azərbaycan Mərkəzi Bankının 4 bankın (“Atabank”, “AGBank”, “Amrah Bank” və “NBC Bank” ASC-lər) lisenziyalarını ləğv etməsi, başqa sözlə həmin banklarda sığorta hadisələrinin baş verməsi ilə bağlıdır.

Ötən ilin sonuna Fondun balans kapitalı 71,683 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin sonu ilə müqayisədə təxminən 14 dəfə azdır.

 

Other news