Ötən il həyat sığortası növləri üzrə toplanan haqqlar artıb - Hesabat

10:59 - 21.01.2022


21 yanvar, Fineko/abc.az. 2021-ci ildə Azərbaycanda həyat sığortası növlərinin hesabına 383 milyon 108 min manat sığorta haqqı toplanılıb.

ABC.AZ Renkinq-ə istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 26,1% çoxdur.

Ötən il qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 460 milyon 789 min manat təşkil edib. Bu isə illik müqayisədə 8,45% çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 15,3% azalaraq 239 milyon 786 min manata düşüb, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 20,2% artaraq 218,94 milyon manata çatıb.

Beləliklə, 2021-ci ildə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 62,6 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 47,5 manatı müştərilərə geri ödənilib.

Bu rəqəmlər 2020-ci ildə müvafiq olaraq 93,2 manat və 42,9 manat olub.

 

Other news