Kameralarla cərimələr yol polisinə keçdi – Evakuasiya xidməti də bərpa olunacaq

14:03 - 8.02.2022


8 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi fevralın 7-də Prezident İlham Əliyev Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, Bakı Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib. Fərmandan sonra bəzi detallar ortaya çıxıb. Belə ki, bəziləri BNA-nın ya ləğv olunacağını ya da əksər səlahiyyətin əlindən alınacağını iddia edir.

Məsələni ABC.AZ-a şərh edən ekspert Elməddin Muradlı hesab edir ki, Fərmanla əsasən taksi xidməti və avtobusların qaydaya salınması yenidən gündəmə gətirilir.

Onun sözlərinə görə, Fərmanda əsas etibarı ilə sərnişin nəqliyyatının bərpası, təkmilləşdirilməsi məsələləri öz əksini tapıb. Dayanma-durma ilə bağlı səlahiyyətlərin BNA-dan alınacağını düşünən E.Muradlı buna səbəb kimi Nəqliyyatın İntellektual İdarə Etmə Mərkəzinin (NİİM) Daxili İşlər Nazirliyinə yəni DYP-yə verilməsində görür. "Bu o deməkdir ki, bundan sonra qanuna da dəyişiklik edilsə yol polisi həm yerdə, həm də kameralar vasitəsi ilə dayanma-durmalara görə cərimələr yazacaq.

Yəqin ki, evakuasiya prosesi də bərpa olunacaq, yəni bu məsələ elə birbaşa yol polisinin üzərində qalacaq.

BNA-nın tabeliyində qalır yalnız taksi xidmətinin bərpası və eyni zamanda təkmilləşdirilməsi, keyfiyyətli xidmətinin təşkili və sairə məsələlər, eyni zamanda ictimai nəqliyyatın gücləndirilməsi, Bakı Kart sistemi. Həmçinin hərəkətin təşkili məsələsi, parklanma yerlərinin təşkili də çox güman ki, BNA-da qalacaq, çünki hərəkətin təşkili deyəndə elə parklanma nəzərdə tutulur. İndi bu Fərmandan sonra Bakı Nəqliyyat Agentliyində hər hansı islahatlar gedəcək ya getməyəcək bunu Bakı Şəhər İcra Hakimiyyəti rəhbərliyi bilər. Onlar bilər kimlə işləmək istəyirlər, kimlə işləmək istəmirlər.

Sadəcə olaraq ümumi məsələ bundan ibarətdir ki, burada təkmilləşdirmə olmalıdır".

Müəllif: Elmir Murad

Other news