Dövlət Xidmətinin vəzifəli şəxsləri həbs edildi

10:26 - 25.02.2022


25 fevral, Fineko/abc.az. Dövlət Xidmətinin vəzifəli şəxsləri həbs edilib.

Bu barədə ABC.AZ-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

İş üzrə toplanan kifayət qədər sübutlar əsasında 2022-ci il fevralın 24-də Aydaş Məmmədov, Mirhəmid Ağayev, Araz Həsənli və Nurlan Seyidova müvafiq olaraq Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq), 178.2.2 (təkrar dələduzluq), 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədilən dələduzluq), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Other news