3,4 milyon şəxsin bu il əmək haqqı, pensiya və digər sosial ödənişləri artacaq

12:24 - 28.02.2022


28 fevral, Fineko/abc.az. Sosial ödənişlərdə davamlı artım ünvanlı sosial yardımı da əhatə edib.

ABC.AZ-ın məlumatına görə, ünvanlı yardımın hesablanması üçün tətbiq olunan ehtiyac meyarı cari ilin əvvəlindən 170 manatdan 200 manata çatdırılıb.

Bu artım 250 minədək insanı əhatə edən ailələrə yönələn ünvanlı yardımların da artması ilə nəticələnir. Həmin artım üçün illik əlavə 20 mln. manat xərclənəcək.

Yeni sosial islahat mərhələsi dövlət başçısının tapşırıqları əsasında müharibə iştirakçılarına yeni dəstək tədbirlərini də nəzərdə tutur.

Bu tədbirlərə 1991-1997-ci illərdə xəsarət almış Qarabağ müharibəsi əlillərinin birdəfəlik ödəmə ilə təmin edilməsi və 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçulara “Müharibə veteranı” adı verilərək Prezidentin aylıq təqaüdünün təyin olunması daxildir.

Ümumilikdə 2022-ci il üzrə əmək haqqı, pensiya və digər sosial ödənişlərin artımını nəzərdə tutan islahatlar paketi 3,4 milyon şəxsi əhatə edir. Bu artımlar üçün ayrılan illik əlavə vəsait 2,1 mlrd. manat təşkil edir.

 

Other news