Sumqayıt şəhərində sudan qanunsuz istifadə halları aşkarlanıb

15:23 - 8.04.2022


8 aprel, Fineko/abc.az. “Azərsu” ASC tərəfindən yaradılmış xüsusi qrupların araşdırmaları nəticəsində Sumqayıt şəhərində sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb.

ABC.AZ quruma istinadən xəbər verir ki,Sumqayıt şəhərinin 42-ci məhəlləsində yerləşən ferma və ət kəsimi sexində sudan sayğacdankənar istifadənin qarşısı alınıb. Belə ki, obyektin müqaviləsi və suölçən cihazı olsa da, sahibkar sayğaca gedən xətti kəsib. Əvəzində rezin boru ilə qeyri-qanuni xətt çəkərək sudan sayğacdankənar istifadə edib. Bundan əvvəl də həmin obyektdə analoji hal yaşanıb. Buna görə sahibkara akt yazılaraq dəymiş ziyan hesablansa da, obyekt sahibi əvvəlki əməlini təkrarlayıb.

Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin yaxınlığında yerləşən quş yemi istehsal edən sexin isə, ümumiyyətlə, müqaviləsi və sayğacı yoxdur. Obyekt sahibi Sumqayıt şəhərini içməli su ilə təchiz edən 450 mm diametrli magistral su kəmərinin kollektoruna qanunsuz qoşulma verib, buradan 1 km-ə yaxın məsafəyə su xətti çəkib. Həmin ərazidəki qaraj kimi fəaliyyət göstərən obyektdə də sudan qanunsuz istifadə olunub.

Aşkarlanmış hər bir fakt üzrə zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, Sudan İstifadə Qaydalarının tələblərinə uyğun olaraq qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb.

 “Azərsu” ASC vətəndaşların və abonentlərin diqqətinə çatdırır ki, qlobal iqlim dəyişikliyi ölkəmizin şirin su ehtiyatlarının azalmasına səbəb olub və belə bir şəraitdə sudan israfçılıqla istifadə edilməsi yolverilməzdir. Belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş xətlər ləğv olunacaq, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Qeyd edək ki, cari ilin  birinci rübündə içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 2093, Sumqayıt şəhəri üzrə 117 fakt aşkarlanıb. Bununla əlaqədar müvafiq olaraq 566 min və 27 kubmetr  həcmində sərfiyyat bərpa olunub. Cari ilin yanvar-mart aylarında  sudan qanunsuz istifadə ilə bağlı 60-dək fakt araşdırılması üçün  hüquq-mühafizə orqanlarına təqdim olunub. 

Other news