İlham Əliyev: Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrildi

10:48 - 11.05.2018


11 may, Fineko/abc.az. Mayın 10-da Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev mərasim zamanı bildirdi ki, ulu öndər Heydər Əliyevin göstərdiyi yolla gedəndən  sonra ölkə güclü bir iqtisadiyyat yarada bildi.

“Son 15 il ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə olmamışdır. Bizim iqtisadiyyatımız üç dəfədən çox artmışdır. Aparıcı beynəlxalq təşkilatlar, Davos İqtisadi Forumu Azərbaycanı rəqabətqabiliyyətliliyinə görə dünyada 35-ci yerə layiq görübdür, inkişaf edən ölkələr arasında isə biz 3-cü yerdəyik. Bizim çox böyük iqtisadi resurslarımız var. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 5 dəfə böyükdür. Azərbaycanda yoxsulluqla, işsizliklə mübarizə gözəl nəticələr verir. Bu böyük sosial problemlərin həlli işində böyük uğurlar əldə edilibdir. Biz energetika, nəqliyyat sahələrində tarixi layihələr icra etmişik və onların icrası davam edir. Biz ölkə daxilində enerji təhlükəsizliyi ilə bağlı məsələləri tam şəkildə həll etdik. Gələcəkdə Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılması ilə bağlı böyük layihələrin başa çatması gözlənilir”, - dövlət başçısı bunu söyləyib.

Onun sözlərinə görə, Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilibdir. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri bizim böyük sərmayələrimizlə həyata keçirilir və bu istiqamətdə hələ də həllini tapmamış məsələlər mütləq öz həllini tapacaqdır.

“Biz bütün istiqamətlərdə uğurla inkişaf edirik. Bizim inkişafımızın təməlində ulu öndər Heydər Əliyev siyasəti dayanır. Biz bu siyasətə sadiqik, biz tutduğumuz yoldan dönməyəcəyik, daim irəli gedəcəyik.

Azərbaycan xalqını bir daha əmin etmək istəyirəm ki, biz bundan sonra da həmişə inkişaf və tərəqqi yolu ilə gedəcəyik”, -  deyə İlham Əliyev bildirib.

 


Other news