AccessBank "Bir sürü təklif" kampaniyasından gözləntilərini açıqladı - MÜSAHİBƏ

11:00 - 16.05.2018


May ayının 1-dən etibarən AccessBank heyvandarlıqla məşğul olanlar üçün "Bir sürü təklif" adlı kredit kampaniyasına start verib.

Kampaniyanın detalları barədə Bankın Lənkəran filialının müdiri Xaqan Əliyev məlumat verir.

- Bildiyimiz kimi, bir müddət öncə AccessBank bağçılıqla məşğul olanlar üçün "Bağa bax ki, bağ olsun!" kredit kampaniyasını keçirdi. İndi isə növbə heyvandarlıqla məşğul olanlarındı. "Bir sürü təklif"lərə keçməzdən öncə, gəlin, bundan öncəki kampaniyanın nə qədər effektiv olmasına toxunaq. Rəhbərlik etdiyiniz filialda AccessBank-ın dəstəyi ilə neçə bağ sözün əsl mənasında bağ oldu?

- Qeyd edək ki, kampaniya gözlədiyimizdən daha ciddi maraqla qarşılandı və kreditlərə təlabat artdı. Kreditləşmə sahəsində əldə etdiyimiz təcrübə isə artan tələbatı tam və operativ şəkildə yerinə yetirməklə müştərilərimizin məmnunluğuna nail olmağımıza səbəb oldu.

- İndi isə heyvandarlıqla məşğul olanlar üçün "Bir sürü təklif"ləriniz var. Söhbət hansı təkliflərdən gedir?

- Kampaniya çərçivəsində kredit götürən müştəri 12 ayadək güzəşt müddəti və illik faiz dərəcəsinə 3%-dək endirimdən yararlana bilər. Üstəlik, müştəri ödəniş qrafikini özü seçə bilər və kredit üzrə ödənişləri biznesinə uyğun şəkildə tərtib edə bilər.

Onu əlavə edim ki, təkrar və ya yeni müştəri olmasından asılı olmayaraq, kampaniya şərtləri bütün müştərilər üçün eynidir.

- Bilirik ki, heyvandarlıq sahəsinə maraq böyükdür. O da sirr deyil ki, bu, AccessBank-ın aktiv şəkildə kreditləşdirdiyi sahələrdən biridir. Sözügedən kampaniyadan gözləntiləriniz nədir?

- Bəli, kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq fəaliyyəti ilə məşğul olan müştərilərimizin sayı kreditləşmədə xüsusi paya malikdir. Bu fəaliyyət növü də qeyri-standart gəlirə əsaslanır, buna görə də kampaniya şərtləri, zənimizcə, bu tip sahənin maliyyələşdirilməsində müştərilərimiz üçün olduqca əlverişlidir. Bu baxımdan müştərilərimizin kampaniyadan maksimum yararlanacağını düşünürük.

- Aqrar sahə riskli sahə kimi tanınır. Risklərinizi necə sığortalayırsınız?

- Qeyd edək ki, AccessBank-ın kreditləşmə texnologoyası risklərin idarə edilməsi üzrə beynəlxalq maliyyə institutlarının təcrübəsinə əsaslanıb. Bu sahənin kreditləşməsində illər ərzində topladığımız təcrübə, peşəkar əməkdaşlarımızın yarana biləcək riskləri düzgün qiymətləndirmə bacarığı, eyni zamanda, müştərilərimizin bacarıq və təcrübələri, qazandıqları etibar risklərimizi minimuma endirir. Ona görə də, risklilik baxımından bir narahatlığımız yoxdur.

- Bu sualdan əlavə sual ortaya çıxır, hansı ki, bu sual kredit götürən şəxslərin daim marağındadır. "Bir sürü təklif" kampaniyası çərçivəsində verilən kreditlər üçün girov tələb olunurmu?

- Kampaniya şərtləri kreditlərin girov təminatı qaydalarına hər hansı dəyişiklik etmir. Verilən bütün kreditlər üzrə girov tələb olunur, sadəcə kredit məbləğindən asılı olaraq, girovun növü fərqli - şərti və ya daşınmaz əmlak ola bilir.

- Kiçik və orta sahibkarlıq subyektləri ilə iş onların maliyyə məsələlərinə individual yanaşma tələb edir...

- Razıyam, xüsusilə kənd təsərrüfatının müxtəlif sahələrinin maliyyələşdiriləməsində individual yanaşma mütləqdir. Bu isə, artıq qeyd etdiyim kimi, bu tip sahənin gəlirlərinin qeyri-stabil olmasından irəli gəlir. Lakin sahibkar bundan narahat olmaya bilər, çünki AccessBank kredit götürən sahibkara imkan verir ki, ödəniş qrafikini özü qursun. Belə ki, gəlirlərin az olacağı gözlənilən aylara standart ödənişdən daha aşağı ödəniş məbləği (bu məbləğ kredit üzrə aylıq faiz məbləğindən aşağı ola bilməz), digər aylara isə daha yuxarı ödəniş məbləği təyin oluna bilər.

- Məlumdur ki, filialınızın xidmət etdiyi bölgədə heyvandarlıq fəaliyyətində aktivlik müşahidə olunur. Digər regionlar necə, kampaniyanın onlar üçün də cəlbedici olacağı gözlənilirmi?

- Respublikanın bütün bölgələrində heyvandarlıq fəaliyyəti ilə məşğul olan müştərilərimiz var. Üstünlük isə qərb və cənub-şərq rayonlarındadır. Abşeron, Bakı kəndləri və qəsəbələrində də bu sahə ilə məşğul olan müştərilərimiz az deyil və kampaniyanın sadalanan bu bölgələrdəki müştərilərimiz üçün də effektiv olacağını düşünürük.

 


Other news