Azərbaycanın Rəqəmsal Ticarət Qovşağına həsr olunan Birinci beynəlxalq konfrans qlobal əməkdaşlıq üçün yeni üfüqlər açır

13:54 - 20.10.2017


19 oktyabr 2017-ci ildə Bakıda “Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı – inkişaf perspektivləri” mövzuna həsr olunan Birinci beynəlxalq konfrans keçirildi.

Tədbirin təşkilatçısı Azərbaycan Respublikası Prezidenti yanında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi idi. Tədbirin sponsorları isə Pasha Bank, eləcə də Bakcell və “B.EST Solutions” şirkətləri oldu. Böyük bir hissəsi panel müzakirələr formatında keçirilən konfransda Avropa İttifaqı və Beynəlxalq Bankın, BMT-nin İnkişaf Proqramı, Rusiya, Estoniya, İngiltərə, Polşa, İsveçrə, Çin və digər ölkələrin nümayəndələri iştirak etdilər.

Konfransı öz məruzələri ilə açan Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye nazirinin müavini cənab Sahil Babayev və Azərbaycan Respublikası Prezidenti yanında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru cənab Vüsal Qasımlı qonaqlara dövlət və özəl sektorun partnyorluq prinsiplərinə əsaslanan innovativ dövlət startapı kimi Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının inkişafı üzrə konsepsiyanı təqdim etdilər. Qeyd edildi ki, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı –elektron tranzaksiyaların hüquqi qüvvə daşıyacağı və elektron ticarətin iştirakçılarının portalda qeydiyyatı prosedurunun hüquqi şəxslərin reyestri vasitəsilə dövlət tərəfindən təsdiqlənəcəyi elektron ticarətin innovativ platformasıdır.

“Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı elektron ticarət və elektron kommersiya sahəsində dövlət və özəl sektorların əməkdaşlığına ən gözəl nümunə ola bilər. Konsepsiya Böyük İpək Yolu, eləcə də bütün Avropa çərçivəsində vahid elektron və rəqəmsal məkanın yaradılması nöqteyi-nəzərindən böyük əhəmiyyətə malikdir. Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Azərbaycanın qeyri-rezidentlərinə elektron imzanın əldə edilməsindən sonra şirkətlərin, bank hesablarının açılması, əməkdaşların işə qəbulu, eləcə də idxal-ixrac əməliyyatlarını həyata keçirməyə imkan verir. Bu, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağına ixrac əməliyyatları üçün elektron “vahid pəncərə” rolunu təmin edir. Bu zaman istənilən azərbaycanlı eksportçu ofis yerini tərk etmədən kompyuter və ya mobil qurğusu vasitəsilə sənədlərin hazırlanması və məhsulun ixracının tərtibi ilə bağlı bütün vacib prosedurları keçə biləcəkdir”, - deyə Vüsal Qasımlı öz məruzəsində qeyd etmişdir.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Kestutis Yankauskas konfrans iştirakçılarını salamlayaraq iqtisadi və ixrac potensialının artırılması sahəsində Avropa İttifaqının Azərbaycana hərtərəfli dəstək göstərmək niyyətində olduğunu bildirmişdir. “Avropa İttifaqı Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı ilə bağlı bütün layihələri dəstəkləməyə hazırdır. Azərbaycan bu sahədə ciddi addımlar atır və mən inanıram ki, 24 noyabr 2017-ci il tarixdə Brüsseldə keçiriləcək Şərq sammitində sizin nümayəndələr əhəmiyyətli nəticələr haqqında məlumat verəcəkdir”, -deyə cənab K.Yankauskas qeyd etmişdir.

Giriş müraciətindən sonra konfrans öz işini panel müzakirələr formatında davam etdirmişdir. “Rəqəmsal Ticarət Qovşağı - beynəlxalq ticarət və Azərbaycanın iqtisadi inkişafının drayveri kimi və transsərhəd ticarətin innovativ həlləri” və “Rəqəmsal Ticarət Qovşağı – dövlət və özəl sektorlar arasında əməkdaşlıqda maksimum sinenerjinin təmin edilməsi üçün vasitə kimi” mövzularında ilk iki müzakirənin moderatoru “Asan İmza” mobil elektron imzanın operatoru və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının partnyoru hesab edilən “B.EST Solutions” Azərbaycan şirkətinin rəhbəri xanım Yana Krimpe oldu. İlk panel müzakirəsi çərçivəsində EEMA-nın (Aparıcı Elektron identitet və təhlükəsizlik üzrə Avropa Assosiasiyası) sədri Con Şamın çıxışı səslənildi və o, Rəqəmsal Ticarət Qovşağında “Asan İmza”nın rolunu yüksək qiymətləndirdi, eləcə də eIDAS və Future Trust kimi Avropa təşəbbüslərilə əməkdaşlığın üstünlüklərindən danışdı. Bundan əlavə elektron imzanın tətbiqi və qarşılıqlı tanınması, ixrac prosedurlarının sadələşdirilməsi, qeyri-rezidentlərə elektron imzaların verilməsi, şirkətin distant yaradılması və idarə edilməsi, eləcə də elektron kommersiya sahəsində yeni həllərlə bağlı məsələlər müzakirə edilmişdir.

Bu panel müzakirələrin sonunda Azərbaycan Respublikası Prezidenti yanında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, eləcə də “Azexport.az” poratlı ilə elektron hüquqi sənədlərin transsərhəd mübadiləsi və bir sıra beynəlxalq şirkətlər arasında elektron imzaların qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında bir sıra memorandumlar imzalanmışdır. Sənədləri Mərkəzin icraçı direktoru Vüqar Qasımlı, “Azexport.az” portalının rəhbəri Zaur Qardaşov, “QazİnformServis” Rusiya şirkətinin rəhbərləri Valeriy Pustarnakov və Vladimir Kustov, “Asseco Data Systems” Polşa şirkətinin rəhbəri Andrey Ruçinskiy və “OrientSwiss” İsveçrə şirkətinin rəhbəri Sardor Məhəmmədəliyev imzaladılar. “Bu razılaşmaların imzalanması elektron ticarət və elektron kommersiyanın inkişafı istiqamətində ölkələr arasında münasibətlərin yaxşılaşdırılmasına, həmçinin Azərbaycaının iqtisadi inkişafına təsir edəcəkdir”, -deyə Vüqar Qasımlı qeyd etmişdir.

“Rəqəmsal Ticarət Qovşağı – dövlət və özəl sektorlar arasında əməkdaşlıqda maksimum sinenerjinin təmin edilməsi üçün vasitə kimi” adlı sonuncu panel mövzusunun modetatoru isə “Azexport.az” portalının rəhbəri Zaur Qardaşov oldu. Bu müzakirələr çərçivəsində hal-hazırda Azərbaycanda istehsal olunan məhsulların ixracını artıq dəstəkləyən və Alibaba.com, eBay.com, Wholesale, Amazon, All.biz və digər bu kimi dünya elektron ticarət şirkətləri ilə çalışan “Azexport.az” portalı haqqında məruzələr səsləndi. Eyni zamanda konfrans iştirakçıları “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” (AZINEXX) və s. haqqında məlumatlandırıldılar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasında xarici ticarət əməliyyatlarının genişləndirilməsi və Rəqəmsal Ticarət Qovşağı (Digital Trade Hub of Azerbaijan) qismində Azexport.az portalının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər görülməkdədir. Bu Sərəncama əsasən “Asan İmza” dünya üzrə Azərbaycanın bütün diplomatik nümayəndəliklərində xarici vətəndaşlara təqdim olunacaqdır. Bu Sərəncamın davamı olaraq, 12 sentyabr 2017-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “www.azexport.az” internet portalı haqqında “Əsasnamə” təsdiqlənmişdir. Əsasnaməyə görə Portaldan gücləndirilmiş elektron imza olan “ASAN imza” vasitəsilə qeydiyyatdan keçmiş istifadəçilər, Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyatda olan şəxslərlə onların xarici biznes tərəfdaşları arasında sənədlərin, o cümlədən müqavilələrin elektron formada tərtibi və imzalanması, eləcə də xidmətlərdən istifadə, ümumiyyətlə portalda həyata keçirilən bütün digər prosedurlar gücləndirilmiş elektron imza olan “ASAN imza” vasitəsilə reallaşdırılır.

Konfransda eyni zamanda xarici vətəndaşlara “Asan İmza” istifadəçisi olmağa, bu isə öz növbəsində onlara Azərbaycanda təqdim olunan elektron xidmətlərə əlyetərlilik və əlbəttə ki, dünyanın istənilən nöqtəsindən öz fəaliyyətlərini həyata keçirməyə imkan verən m-Residence layihəsi nümayiş etdirilmişdir. Bu yaxınlarda istifadəyə verilən AsanDoc.az portalı sayəsində isə orada autentifikasiya vasitəsi kimi tətbiq olunan “Asan İmza” vasitəsilə elektron formada istənilən sənədi imzalamaq mümkündür. Bundan əlavə portalda Azərbaycanda fəaliyyət göstərən dövlət müəssisələri və bankları ilə asan və hüquqi baxımdan qanuni əlaqə təmin edilmiş, eləcə də özəl şirkətlər ilə sənəd dövriyyəsi prosesi sadələşdirilmişdir.

Other news