Deputatlara verilən bəzi pul təminatları ləğv edilib

11:32 - 4.07.2022


4 iyul, Fineko/abc.az. Milli Məclisin deputatlarına verilən bəzi pul təminatları ləğv edilib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, məlumata görə, bu il iyulun 1-dən etibarən deputata hər ay vəzifə maaşı, vəzifə maaşına əlavə və deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün verilən vergilərdən azad olunan pul təminatı ləğv olunub.

Habelə, Milli Məclisin sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatlarına verilən deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı ləğv edilib.

Bundan əlavə, məzuniyyətdə olduğu zaman deputata müalicə olunması və istirahət etməsi üçün verilən onun iki aylıq vəzifə maaşı məbləğində müavinət də ləğv olunub.

Qanuna edilmiş dəyişikliklə Milli Məclisin sədri 3 550 manat miqdarında aylıq vəzifə maaşı alacaq.

Other news