Avtomobillərin ehtiyat hissələri bahalaşıb - Ekspert artımın davam edəcəyini deyir

05.07.2022,10:10


5 iyul, Fineko/abc.az. Yay mövsümü gələndə avtomobil sürücüləri maşınlarının daha çox kondisionerlərini saz vəziyyətinə gətirməyə çalışır. Belə ki, istilər başlayan kimi avtonəqliyyat vasitələrinin kondisioner sisteminin nizama salınması və ya detallarının dəyişdirilməsi ilə bağlı avtoservislərə müraciətlər də artır. Bu isə tələbatı artırdığından qiymətlərin də bahalaşmasına gətirib çıxarır.

Ekspert Əfqan Əsədovun ABC.AZ-a verdiyi məlumata görə, mövsüm başlayandan avtomobillərin kondisioner sistemi ilə əlaqəli bütün detalların qiymətində dəyişiklik müşahidə edilir.

Ekspert qiymətlərin konkret hansı məbləğdə artdığını deməsə də bu istiqamətdə bahalaşmanın bundan sonra da olacağını istisna etməyib: "Hər mövsüm avtomobillərin kondisioner sisteminə istilərlə əlaqədar tələbat artır. Bildiyiniz kimi tələbatın artması da istər-istəməz qiymət artımını labüd edir. Rusiya-Ukrayna böhranı başlayandan bir çox mallarda olduğu kimi avtomobil ehtiyat hissələrində, detallarda da bahalaşmalar nəzərə çarpır. Bunun əsas səbəblərindən biri də beynəlxalq daşımacılıqda və nəqliyyat üzrə qiymətlərin artımıdır. Nəzərə alsaq ki,  müharibə hələ də davam edir, deməli qiymətlər bahalaşmaqda davam edəcək. Ancaq bir məsələni qeyd edim ki, bahalaşma yalnız Rusiya və Ukrayna istehsalı olan və ordan ölkəmizə gətirilən ehtiyat hissələrində nəzərə çarpacaq. Avropadan ölkəmizə gətirilən avtomobil vasitələrinin ehtiyat hissələrində köhnə qiymətlərlə satış davam edir və inanmıram ki, yaxın gələcəkdə də onlarda bahalaşma qeydə alınsın. Ümumilikdə isə başqa servislərlə, mağazalarla müqayisədə biz də hər hansı qiymət artımı olmayıb".

Müəllif: Elmir Murad